YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai – siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə olan inamı tez bir zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi.

Yeni Azərbaycan Partiyasının əsas sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası – Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

Yarandığı gündən Yeni Azərbaycan Partiyasının əsas fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından,  əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, sosialyönümlü iqtisadiyyat yaratmaqdan, ümumiyyətlə partiyanın yaradıcısı, xalqımızın ümumilli lideri Heydər Əliyevin siyasi kursunun təbliğatçısı və həyata keçməsi uğrunda mübarizə aparmaqdan ibarət olmuşdur.

Partiyamızın qayəsi xalqımızın firavan, dinc, sosial ədalətin hökm sürdüyü bir cəmiyyətdə yaşaması üçün siyasi zəmin yaratmaq olduğundan varislik, dövlətçilik ənənələrinin qorunması, müstəqilliyimizin əbədi və dönməz olması istiqamətində fəaliyyət öncül əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burda Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindi. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. Çünki xalq Heydər Əliyevdən sonra hakimiyyət sükanının başqalarının əlinə keçəcəyindən narahat idi. Ona görə də, 2003-cü ildə yenidən xalq öz layiqli seçimi edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Yalnız 2003-cü ildə deyil, əvvəlki illərdə də İlham Əliyevin Azərbaycan dövlətinə layiqli xidmətləri var. İlham Əliyevin YAP Sədrinin müavini seçilməsi, Dövlət Neft Şirkətinə rəhbərlik etməsi, millət vəkili seçilməsi və başqa strateji vəzifələrdə özünü doğrultması artıq xalqın gələcək liderini müəyyənləşdirmişdi. Düzgün qurulmuş daxili və xarici siyasət, güclü ordu quruculuğu, güclü dövlət milli birlik siyasətinin nəticəsində Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı işğaldan azad etməsi Azərbaycanın, xalqımın partiyası olan Yeni Azərbaycan Partiyasının gələcəyinin əmin əllərdə olmağının sübutudur. Partiyamız Prezident İlham Əliyevin irəli sürdüyü "müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.