Xəbərlər
Belarusun xarici işlər naziri öz ölkəsində Dağlıq Qarabağ dair konfrans iştirakçılarını qəbul etməyə hazır olduğunu təsdiqləyib
Belarus tərəfi öz ölkəsində Dağlıq Qarabağ probleminə dair konfrans iştirakçılarını qəbul etməyə hazır olduğunu təsdiqləyib. AZƏRTAC-ın BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə bildirib.
Vladimir Makey deyib: “Mən ATƏT-in müvafiq qərarlarında nəzərdə tutulmuş müddətdə Dağlıq Qarabağa dair sülh danışıqlarının iştirakçılarını qəbul etməyə hazır olduğumuzu təsdiq etmək istərdim. Lazım gələrsə, biz hətta sülh sazişinin hazırlanması üzrə danışıqlar prosesinin final mərhələsi üçün də yer təmin edə bilərik”.
Bundan başqa, V.Makey qeyd edib ki, o, Minsk qrupunun həmsədrlərini və ATƏT-in indiki sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsini qəbul etməsinə şaddır. Nazir onların Minskə səfərini tarixi səfər adlandırıb.
V.Makey deyib: “Belarus ATƏT-in regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə yönəldilmiş səylərini, mövcud və uzun sürən münaqişələrin , o cümlədən Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün dinc yollar tapmaq cəhdlərini qətiyyətlə dəstəkləyir. Biz Ukrayna böhranı kontekstində etdiyimiz kimi, yenə də kömək göstərməyə hazırıq”. O, sözünə əlavə edərək deyib ki, Belarus tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə Minsk qrupu həmsədrləri ilə eyni fikirdədir.
Belarus tərəfi bununla tam razıdır ki, indiki mərhələdə prioritet vəzifə insan tələfatına yol verməmək üçün təmas xətti boyunca gərginliyin azaldılmasıdır. Nazir deyib: “Belarus bu istiqamətdə Minsk qrupu həmsədrlərinin və ATƏT-in indiki sədrinin fasiləsiz olaraq göstərdikləri səyləri yüksək qiymətləndirir. Bu səylər təkcə münaqişə zonasında təhlükəsizliyin bərpa edilməsi baxımından deyil, həmçinin yüksək səviyyədə görüşlər üçün əlverişli şərait yaradılması baxımından da birinci dərəcəli əhəmiyyət kəsb edir”.
O deyib ki, Belarus Azərbaycan və Ermənistan liderləri arasında əlaqələrin intensivləşməsini alqışlayır. Belarus tərəfi hər iki ölkə ilə sıx dostluq əlaqələri saxlayır. Bu, həm də dövlət başçıları səviyyəsində əlaqələrdir və bu əlaqələr sülh prosesinin irəliləməsi üçün faydalı ola bilər.