YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyamız milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edir

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olduğu üçün dövlətin əsas Qanunu olan Konstitusiyanı qəbul edə bilməmişdi. Məhz bu səbəbdən də Azərbaycanın Konstitusiya quruluşunun tarixi Sovetlər birliyinin tərkibində olduğu illərə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Bundan sonra 1927 və 1937-ci illərdə növbəti Konstitusiya layihələri qəbul edilmişdir.

1978-ci ildə isə Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi qəbul edilmiş və 1980-ci illərinin ikinci yarısından sonra çoxsaylı əlavə və dəyişikliklər edilməklə mövcud Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur. 1978-ci ildə qəbul edilən Konstitusiya layihəsi ilə əlaqədar həmin ilin 2 aprel tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış etmiş və Ulu Öndərin təşəbbüsü ilə  Azərbaycan dili Azərbaycan SSR-nın dövlət dili olaraq qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz qarşısında ən böyük xidmətlərindən biri də  müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Konstitusiya layihəsi işlənilib hazırlanılan zaman  Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanan müstəqil Azərbaycan Respublikasının Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda iştirak edən seçicilərin 91,9 faizinin səsini alaraq qəbul edilmişdir.  Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir. 

Azərbaycan Respublikasının Konstitusiyası ölkə vətəndaşları üçün bir çox hüquq və azadlıqlar verir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Ümummilli Lider Heydər Əliyev  də öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.

Konstitusiyamız eyni zamanda milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edir. Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və sair kimi tələblər dayanır.

Zaman dəyişdikcə cəmiyyətin və vətəndaşların da tələbləri dəyişilir, dövlətin idarə edildiyi qanunlar, həmçinin əsas qanun hesab olunan Konstitusiyanın təkmilləşdirmədilməsi zərurəti meydana çıxır. Ölkəmizdə bu zərurəti yaradan mühüm amillərdən biri də həmçinin sürətli inkişaf mərhələlərinin keçilməsidir. Bütün bu zərurətlərdən irəli gələrək Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilib. Azərbaycan Respublikasının Konstitusiyasına üçüncü dəfə əlavə və dəyişikliklər cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla edilmişdir. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.