YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Konstitusiyası – milli tərəqqinin hüquqi əsası

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. Məlumdur ki, hər bir ölkənin siyasi-hüquqi və demokratik inkişafında Əsas Qanunun, milli Konstitusiyanın mühüm rolu var. Azərbaycan da bu baxımdan istisna deyil. 30 illik müstəqillik dövründə Azərbaycanın inkişafının konstitusion əsasları kifayət qədər zəngindir. 

Müstəqil Azərbaycanın ilk konstitusiyası dövrün reallıqlarına və çağırışlarına uyğun olaraq mükəmmək hüquqi sənəd idi

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Bu konstitusiya dövrün reallıqlarına və çağırışlarına uyğun olaraq mükəmmək hüquqi sənəd idi. Bəhs olunan Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla yanaşı, hakimiyyət bölgüsü, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının hüquqi mahiyyətini əks etdirən mühüm məsələlər idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin ifadəsi idi.

Ümummilli Lider Heydər Əliyev bütün bu məsələlərin əhəmiyyətinə toxunaraq “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”,-deyə bildirib. Şübhəsiz ki, Konstitusiyanın qəbulundan sonra atılan addımlar, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində çox mühüm nailiyyətlər qazanılıb.

Konstitusiya islahatları – milli inkişafa güclü təkan

Bunlarla yanaşı, ölkəmizin sürətli inkişafı siyasi, hüquqi və konstitusion islahatları da zərurətə çevirib. Yeni dövrün reallıqlarına və çağırışlarına, ictimai – sosial sifarişə uyğun olaraq Konstitusiya reformalarının həyata keçirilməsi Azərbaycanın hüquqi dövlət kimi inkişafına güclü təkan verib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönələn addım kimi mühüm əhəmiyyətə malik olub. Xüsusilə də, prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsi, dövlət idarəetməsində funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq lazımdır ki, bəhs olunan referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi. Dölət başçısının qeyd etdiyi kimi: “... Referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib”.

Bu gün Azərbaycan müstəqil və qalib dövlət kimi  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanır. Konstitusiyamız isə ölkəmizin hüquqi dövlət kimi demokratiya yolunda əmin addımla irəliləməsinə dayanıqlı zəmin yaradır, milli tərəqqinin hüquqi əsaslarını təşkil edir.