YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aynur Sofiyeva: 10 noyabr Bəyanatı tariximizə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı

     Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva tariximizə Azərbaycanın şanlı Qələbəsi kimi yazılan 10 noyabr 2020-ci il Bəyanatından bəhs edərək bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü Zəfərimizə gedən yolu yaxınlaşdırdı: “Xalqımız hər gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən Qələbə xəbərlərini gözləyirdi. Ölkə Prezidentinin rəhbərliyi ilə hər gün irəli gedən Azərbaycan ordusu tariximizin Zəfər səhifəsini yazdı.  Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis edilən 8 noyabr tarixi Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi gündür. Dünyaya səs salan Şuşa əməliyyatı, həmçinin  noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il ölkəmiz üçün tarixi gün oldu. 30 il dünyadan ədalət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözləyən  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.  Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları 9 bənddən ibarət   üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqidir.”

    Aynur Sofiyeva diqqəti Zəfər Günümüzün paytaxt Bakıda və bölgələrimizdə,  azərbaycanlıların yaşadığı bütün ölkələrdə, həmçinin  Şuşamızda yüksək səviyyədə qeyd olunmasına yönəldərək bildirib ki,  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfərləri tarixi hadisədir və  dünyaya ünvanlanan bir çox mesajları özündə ehtiva edir. Cənab İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışında vurğuladığı kimi, kimin kim olduğunu dünyaya göstərdik.

   “Özlərinə saxta tarix yazıb havadarlarının  dəstəyi ilə yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışan ermənilərin bu illər ərzində yaratdıqları miflər dağıdıldı” söyləyən YAP İdarə Heyətinin üzvü  qeyd edib ki,  işğalçı Ermənistan və  havadarları  işğalı əbədi etmək istəyirdilər: “Onlar hesab edirdilər ki, əgər  torpaqlarımızı  30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da  əbədi  saxlayacaqlar.  Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq və qovduq. Təbii ki, bunun üçün  hazır olmalı idik.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bu illər ərzində möhkəm təməl üzərində daha da qüdrətləndi, ordumuz Qələbəyə hazırlandı, döyüş qabiliyyəti gücləndi, ölkəmizin beynəlxalq nüfuzu artdı, münaqişənin həlli üçün hüquqi baza formalaşdı. Bütün bu uğurlarımız, eyni zamanda, gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda  tərbiyəsi, torpağa bağlılığı, Vətən sevgisi  44 günlük Vətən müharibəsini Qələbə ilə başa vurmağımızı şərtləndirdi.   Qarabağımızın tacı Şuşada, Cıdır düzündə Zəfər bayramımızı qeyd etməkdən böyük xoşbəxtlik ola bilərmi?”

     Aynur Sofiyeva 10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz geri qaytarılmasını da  Azərbaycanın siyasi   Qələbəsi kimi qeyd edərək bildirib ki, ötən bir ildə işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb: “ Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə  Şuşaya səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu səfər dövlət başçısı İlham Əliyevin “Zəfər yolu” adlandırdığı Füzuli-Şuşa yolunun açılışı ilə də yadda qaldı. Dünyaya səs salan Şuşa əməliyyatına şahidlik edən bu yolun əbədiləşdirilməsi  böyük mənəvi əhəmiyyətə malikdir. Zəfərimiz milli qürurumuz, milli kimliyimizdir. Hər birimiz bu sevinci bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna minnətdarıq, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Adını tarixə qalib ölkə kimi yazan Azərbaycanımız, Zəfərin mübarək!  Ölkəmiz qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetləri reallaşdırmaqla gücünü, qüdrətini daha da artıracaq, işğaldan azad edilmiş torpaqlarımız böyük investisiyalar məkanına çevriləcək.”