YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu keçirilib

Şəmkirdə rayon İcra Hakimiyyətinin, YAP Şəmkir rayon təşkilatının və rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu keçirilib.

“Qarabağ Azərbaycandır”, “Zəfər Tariximiz”, “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarları altında keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.

İcra Hakimiyyətinin başçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, marafon iştirakçılarına uğrular arzulayıb: "44 günlük Vətən müharibəsi tariximizin qızıl hərflərlə yazılan, qürur yaşadan səhifələridir. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq".

Daha sonra marafona start verilib. Marafonda 300 nəfərdən çox insan  iştirak edib. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər Xiyabanınadək olan məsafəni qət ediblər.

Yarışda finiş xəttini ilk olaraq N saylı Hərbi Hissənin hərbi qulluqçusu Sənan Qocayev, ikinci isə idmançı Fərhad Zamanov keçib. 3-cü yerin qalibi isə 11-ci sinif şagirdi Əli Əliyev olub.

İlk üç yerin qalibləri hədiyyələrlə mükafatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv