YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır

Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Bu müharibədə ordumuzun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da uzun illər davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi.

Beləliklə, Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının kağız üzərində qalan dörd qətnaməsini Azərbaycan özü reallaşdırdı, ərazi bütövlüyünü bərpa etdi və ədalətsizliyə son qoydu.

Bu sözləri açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O daha sonra bildirib: “Hələ münaqişə dövründə təkcə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yox, həmçinin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər qurumlar Azərbaycanın ədalətli mövqeyinə-torpaqlarının işğaldan azad edilməsinə dəstək ifadə etmişdi və bu, məsələnin həlli üçün çox möhkəm beynəlxalq təməl yaratmışdı. Lakin Ermənistan havadarlarına arxalanaraq, geri çəkilmək, əsarətdə saxladığı əraziləri boşaltmaq fikrində deyildi. Ona görə də səbr kasası daşan Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında əks-həmlə əməliyyatı apararaq, 44 günlük Vətən müharibəsində işğala son qoydu.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi fəaliyyətinin və Ordumuzun  güc-qüdrəti və döyüş ruhunun məntiqi nəticəsi idi”.

Emin Bağırovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev  prezidentlik fəaliyyətinə başladığı ilk gündən diqqət yetirdiyi prioritet istiqamətlərdən biri də hərbi quruculuq məsələsi idi. Ölkə rəhbəri 2003-cü ildə andiçmə mərasimindəki nitqində bu məsələni daim diqqət mərkəzində saxlayacağını, Azərbaycanın güclü ordusunu yaradacağını, respublikanın iqtisadi potensialının isə bu məqsədin gerçəkləməsinə imkan verəcəyinə əminliyini bildirmişdi.

Ölkə rəhbəri ötən illər ərzində bu vədinə sadiq qaldı, respublikamızda ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm layihələr reallaşdırdı, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasını, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirdi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxladı. Məhz bütün bunların nəticəsi idi ki, 44 günlük döyüşdə Silahlı Qüvvələrimiz tarixi uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi.

Emin Bağırov fikirlərinin davamında vurğuladı ki, Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan İkinci Qarabağ müharibəsindən bir ilə yaxın vaxt keçir. Ordumuzun əldə etdiyi parlaq qələbə ilə regionda, eləcə də respublikamızda yeni dönəm, yeni inkişaf mərhələsi yaşanır. İşğaldan azad olunan ərazilərin yenidən qurulması prosesi sürətlə aparılır. Qarabağda dağıdılan bütün kəndlər, şəhərlər tamamilə yenidən qurulur. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində tədbirlər görülür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri icrası edilir. Bölgənin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür. Zəngilanın Ağalı kəndində “ağıllı kəndlər” salınır. Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyət göstərir. Məskunlaşmanın tezliklə başlanılması üçün işğaldan azad edilən ərazilərdə digər sosial-iqtisadi layihələr də həyata keçirilir.

Vətən müharibəsindən ötən müddətdə Qarabağda bərpa-yenidənqurma  istiqamətdə genişmiqyaslı işlərin görülməsinə başlanılması Azərbaycanın güclü iqtisadi potensiala malik dövlət olmasının təsdiqidir. Təkcə Füzuli rayonunda qısa vaxt ərzində Beynəlxalq Hava Limanının sürətlə inşası bu fikri deməyə əsas verir. Bu, həm də dövlətimizin başçısının indiyədək verdiyi hər bir vədi layiqincə yerinə yetirməsinin göstəricisidir.