YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində Zeynal Zülfüqarlının məzarı ziyarət edilib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zülfüqarlı Zeynal Alim oğlunun anım günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının fəalları, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Milli Məclisin deputatı İltizam Yusifov, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Zeynal Zülfüqarlının məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Zeynal Zülfüqarlının valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Şəhər İcra Hakimiyyətinin başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. İlqar Abbasov 25 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Zeynalın ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Şəhid Zülfüqarlı Zeynalın üzünü görmədiyi körpəsi balaca Zeynalın da dövlətimizə əmanət olduğunu bildirib və atası kimi Vətənə layiqli, şərəfli övlad kimi böyüməsini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Mərasimdə çıxış edən millət vəkili İltizam Yusifov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Zeynalın xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Sonra tədbir iştirakçıları şəhid Zeynal Zülfüqarlının vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar.

Şəhidin atası Alim Zülfüqarlı çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, kiçik gizir Zülfüqarlı Zeynalın da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda”, “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, sağlığında isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.