YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Belarus Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır

Belarus Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri martın 10-da Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə söyləyib.
Belarus dövlətinin başçısı vurğulayıb: “Biz sizə, ölkənizə, sizin rəhbərliyə çox etimad bəsləyirik və sizinlə bütün istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırıq, bizim aramızda heç bir qapalı mövzu yoxdur”.
Aleksandr Lukaşenko bir məqama diqqəti cəlb edib ki, Belarus və Azərbaycan qarşıya çıxan problemli məsələləri həmişə uğurla həll ediblər. Belarus dövlətinin lideri deyib: “Hər hansı məsələlər yarananda biz həmişə görüşüb onları operativ şəkildə müzakirə və həll etmişik. Üstəlik, bütün çətinliklərə baxmayaraq, keçən ilin yekunlarına görə, Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsi artıb. İndi bu cür ölkələr azdır. Azərbaycanla ticarət bizim üçün çox sərfəlidir”.
“Biz ayrı-ayrı dövlətlərdə öz istehsalatlarımızı yerləşdirmək lazım olub-olmaması barədə götür-qoy edirik, Azərbaycana münasibətdə isə bu cür tərəddüdlərə ehtiyac yoxdur, biz orada öz istehsalatlarımızı yaratmağa hazırıq, burada sizin investisiyaları qəbul etməyə hazırıq, burada buna tam zəmanət veririk”, - deyən Belarus Prezidenti xatırladıb ki, Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, liftlər və başqa məhsullar istehsal edən müştərək müəssisələr fəaliyyət göstərir.
Aleksandr Lukaşenko razılıq hissi ilə qeyd edib ki, bəzi istiqamətlər üzrə istehsalatların lokallaşdırılması məsələsi, demək olar ki, yarıbayarı həll edilib. Belarus dövlətinin başçısı daha sonra deyib: “Biz artıq 40 faiz həddinə çatmışıq. Bu, çox yaxşı göstəricidir. Bu o deməkdir ki, mənim sizə vəd etdiyim kimi, İlham Əliyevə vəd etdiyim kimi, siz bizdən texnologiyalar alırsınız və Azərbaycan ərazisində normal istehsalat yaradılır”.
O vurğulayıb ki, növbəti addımda birgə məhsulları üçüncü ölkələrin, Qafqaz regionunun bazarlarına çıxarmaq nəzərdə tutulur.
Aleksandr Lukaşenko ölkəsinin dəstəklənməsinə görə Azərbaycan tərəfə təşəkkürünü bildirərək vurğulayıb: “Siz həmişə bizə kömək etmisiniz, bizi dəstəkləmisiniz, biz də azərbaycanlı qardaşlarımıza eynilə bu cür münasibət bəsləyəcəyik”.
Yaqub Eyyubov öz növbəsində qeyd edib ki, Azərbaycan xalqı Belarus dövlətinin başçısının münasibətini olduqca yüksək qiymətləndirir. O deyib: “Belarus bütün dövlətlər üçün cəlbedici ölkədir. Siz bu dövlətin rəhbəri kimi, xalqın içindən çıxmış insan olduğunuzu, xalqdan təcrid oluna bilmədiyinizi göstərmisiniz, siz bütün həyatınızı bu xalqa həsr edirsiniz. Əgər Belarusun başqa təbii sərvətləri, ehtiyatları olsaydı, güman edirəm ki, dünyada birinci ölkə olardı, çünki əsas məsələ nəyə malik olmaq deyil, malik olduğundan lazım olanı əldə etməkdir”.
Yaqub Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb və “təkcə iqtisadi sahədə deyil, ticarət, siyasət sahələrində dəstəyə görə, qardaşcasına, dostcasına, qonşu kimi münasibətə” görə təşəkkürünü bildirib.