YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Arəstə Baxışovanın məzarı ziyarət olunub

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş Arəstə Baxışovanın anım günü ilə əlaqədar şəhidin məzarı ziyarət olunub. Mərasimdə Arəstə Baxışovanın anası Məktubə Baxışova, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Afət Həsənova və Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Mərkəzi Aparatının və YAP Binəqədi rayon təşkilatının nümayəndələri iştirak ediblər.

Anım mərasimində iştirak edənlər şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışovanın məzarını anım günü ilə əlaqədar ziyarət etdik: “Şəhidlər xiyabanları bu günlərdə heç vaxt boş olmur. Şəhid yaxınları, vətəndaşlarımız şəhidlərimizin məzarlarını ziyarət edərək onların ruhuna dualar oxuyurlar. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı ordusu ilə birlikdə Vətən müharibəsində cəmi 44 gün ərzində böyük bir qəhrəmanlıq salnaməsi yazıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimiz, oğullarımız, qızlarımız öz qanları bahasına bu şərəfli tarixi yazıblar. Allah şəhidlərimizə rəhmət etsin! Onlar əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq!.

Vətənin müdafiəsi, üçrəngli bayrağımız, torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və ikinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın öz sahiblərinə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfərimizdə, 30 il sonra işğaldan azad edilən torpağımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3 minə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Torpaq uğrunda mübarizədə canını fəda edən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır. Xalqımızın qəhrəman qızı Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olaraq, əsl hərbçi, əsl şəfqət bacısı, əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə yüksəlib”.

Milli Məclisin deputatı Afət Həsənova vurğulayıb ki, bu il 27 sentyabr tarixindən başlayaraq ölkəmizin hər bir bölgəsində şəhidlərimizin anım günləri qeyd olunur: “Bu nə qədər ağır olsa da, bir o qədər qürurvericidir. Bu gün biz 44 günlük Vətən müharibəsində yeganə şəhid xanım olan Arəstə Baxışovanın anım gününə toplaşmışıq. Arəstə xanımın könüllü şəkildə müharibəyə getməsi, orada yaralı əsgərlərimizin yanında olması, onlara yardım əlini uzatması əsl Azərbaycan xanımının simasıdır. Bəli, bizim ana-bacılarımız igidlərimizin yanında Vətənin müdafiəsinə qalxıblar. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz öz qanı bahasına əyilən qəddimizi düzəltdilər, qürurumuzu özümüzə qaytardılar. Mən şəhid analarının qarşısında baş əyir, onlara Allahdan səbr diləyirəm”.

Milli Məclisin deputatı Kəmaləddin Qafarov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, xalqımızın həmrəyliyindən bəhs edərkən bildirib ki, Azərbaycan xalqı necə böyük bir xalq olduğunu müharibə dövründə bir daha göstərib: “İgidlərimiz ön cəbhədə düşmənə lazımı cavabı verərkən, arxa cəbhədə də ana-bacılarımız əllərindən gələn köməkliyi göstərirdilər. Döyüşdə şücaət göstərən oğullarımızın yanında Azərbaycan ana-bacılarının timsalında Arəstə xanım dayanmışdı. Biz hər bir şəhidimizin qarşısında baş əyir, şəhid analarına səbr diləyirik. Allah şəhidlərimizə rəhmət eləsin!”.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Arəstə xanımın anım gününə toplaşmışıq: “2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq”.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Vətən müharibəsində canından keçən hər bir şəhidimizə borcluyuq: “Onlar qanı bahasına Azərbaycan xalqının 30 illik qanayan yarasını sararaq torpaqlarımızı işğaldan azad edirdilər. İşğaldan azad olunmuş vətən torpağının hər bir qarışında şəhidlərimizin qanı var. Bu gün qeyrətli Azərbaycan xanımı, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə xanımın anım gününə toplaşmışıq. Allahdan ona rəhmət, şəhidimizin anasına isə səbr diləyirəm. Allah vətən yolunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!”.

Sonda isə şəhidin anası Məktubə Baxışova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız  işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman Şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, iki övladını vətənə layiqli övlad kimi yetişdirəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Çıxışlardan sonra məktəblilər şəhidlərimizə həsr olunmuş şeir səsləndirib.

Sonda isə şəhidin anası Məktubə xanıma Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın müəllifi olduğu şəhid Arəstə Baxışovanın rəsmini əks etdirən tablo təqdim olunub. Həmçinin Biləcəri qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunan digər şəhidlərin də məzarı ziyarət olunub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilərək  ailə üzvlərinə Allahdan səbr dilənilib.