YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı

“44 günlük Vətən Müharibəsinin gedişində Hadrutun işğaldan azad edilməsi proseslərin sürətlənməsinə və qələbəyə gedən yolun qısalmasına gətirib çıxardı. Düşmən uzun müddət ərzində bu məğlubiyyətlə barışmadı. Onlar yalan xəbərlər yayırdılar. Taktiki gediş olaraq Hadrutu verdiklərini, daha sonra isə geri aldıqları ilə bağlı sərsəm fikirlər səsləndirirdilər. Ancaq fakt öz faktlığında qalırdı. Hadrut müzəffər ordumuz tərəfindən işğaldan azad edildi. Hadrutun işğaldan azad edilməsi ilə düşmənə çox sarsıdıcı zərbələr vuruldu”.

Bunu açıqlamasında Prezident İlham Əliyevin Xocavənd rayonuna səfəri ilə bağlı fikirlərini bölüşərkən Millət vəkili Naqif Həmzəyev deyib.
O bildirib ki, bu gün ölkə başçısı cənab Prezidentin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur rayonlarında aparılan quruculuq, abadlıq işləri onu deməyə imkan verir ki, biz torpaqlarımızı əvvəlki görkəminə qaytaracağıq: “Bu əraziləri cənnət-məkana çevirmək istəyirik. Bunun üçün lazımi və real addımlar atırıq. Cənab Prezidentin Hadrutda, Xocavənd rayonunda sakinlərlə görüşməsi və mesajları çox maraqla qarşılandı. Qısaca onu demək olar ki, Azərbaycan Ordusunun qarşısında heç kim tab gətirə bilməz. Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı. Biz uzun illərdir ki, işğala göz yuma bilməzdik. Məhz otuz illik işğala da Azərbaycan Ordusu son qoydu. 30 ilə yaxın müddət ərzində beynəlxalq birliyin və təşkilatların edə bilmədiyini Azərbaycan Ordusu məhz möhtərəm cənab Prezidentin rəhbərliyi altında yerinə yetirdi”.
Deputatın fikrincə, Hadrutda məscidin təməlinin qoyulması onu deməyə imkan verir ki, bu torpaqların bizə məxsus olduğunu bütün dünyaya nümayiş etdiririk: “Təssüflər olsun ki, 30 il ərzində o torpaqlardakı maddi-mədəni irsimiz silinib. Həmin vandalizm aktlarının faktlaşdırılması prosesi həyata keçirilir. Bu gün biz yenidən haqqımız olanı əldə etmişik. Orada Azərbaycan, türk-islam mədəniyyətinin qorunub saxlanması, bərpa edilməsi və qurulması üçün dövlətimiz hər zaman xüsusi diqqət və qayğı göstərəcək. Xocavənd rayonunda, Hadrutda olan tarixi abidələrin qorunması, yenidən tədqiq edilməsi, əvvəlki görkəminə qaytarılması üçün dövlətimiz tərəfindən təxirəsalınmaz işlər həyata keçirilməkdədir”.
Naqif Həmzəyev bildirib ki, həmçinin işğaldan azad edilmiş ərazilərə həyatın qayıtması üçün infrastruktur layihələr dövlətimiz tərəfindən həyata keçirilir: “Biz dostluq, qardaşlıq və xoş münasibətlər qurmaqla qonşu ölkələrlə sülh içərisində yaşamaqda maraqlıyıq. Ancaq kimlərsə bizim ərazilərimizə qarşı hər hansı iddia irəli sürərsə, suverenliyimizə təhdid yarada biləcək hansısa yanlış addımlar atarlarsa, onlar qarşılarında Azərbaycan Ordusunu, Azərbaycan dövlətini görəcəklər. Biz çox xoşbəxtik ki, bir il bundan qabaq çox şərəfli və unudulmaz günlər yaşadıq. Bu şərəfli günləri bizə yaşadan Ali Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, biz tezliklə işğaldan azad edilmiş torpaqlarımıza qayıdacağıq. Ümidvarıq ki, tezliklə bütün keçmiş məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarında yaşaya biləcəklər”.