YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: 30 illik müstqəillik dövründə ən böyük tarixi nailiyyət Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdir

“Müstəqilliyinin bərpasının 30 illiyini yaşayan Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır”. Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsində tarixi qələbə, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi: “Bilirsiniz ki, Azərbaycan xalqının böyük dövlətçilik tarixi var. Lakin torpaqlarımız zaman-zaman imperialist dövlətlərin işğalı altına düşüb. Ermənilər süni olaraq ərazilərimizə köçürülüb, tarixi torpaqlarımızda erməni dövləti yaradılıb. Belə ki, 1918-1920-ci illərdə 114.000 kv km ərazisi olan Azərbaycan Sovet dövründə  86.000 kv km-ə qədər kiçildi. Çünki ərazilərimizin bir hissəsi sovet hakimiyyəti tərəfindən Ermənistana verildi. Məsələn, 12 mart 1922-ci il tarixdən 5 dekabr 1936-cı il tarixinədək Azərbaycan ZSFSR-ın tərkibinə daxil olmuşdur. Buna qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya Federativ sərhəddində və Şərur-Dərələyəz qəzasının 2/3 hissəsi artıq Ermənistana verilmişdi. Azərbaycan ZSFSR-ə qəbul edildikdən sonra Qazax qəzasının xeyli hissəsi,  Cəbrayıl qəzası və Naxçıvan Muxtar SSR-in (Naxçıvan MSSR) bir sıra kəndləri Ermənistana daxil edildi. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi nəticəsində də Ermənistan öz havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etdi və bu işğal 30 ilə yaxın sürdü. Lakin 44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza  qarşı yönəlmiş işğalçılıq siyasətinə, Avroasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu”.

Xüsusi vurğulanmalıdır ki, ölkəmizin Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. Bütün bunların fonunda Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb.

Millət vəkilinin sözlərinə görə, 30 illik müstqəillik dövründə ən böyük tarixi nailiyyət Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdir. Artıq yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan üçün bir sıra dövlət bayramlarının adekvat olaraq adlandırılması gündəmə gəlib. Bu baxımdan, “Müstəqillik günü haqqında” qanun layihəsi xüsusi qeyd olunmalıdır. Məlumdur ki, indiyə qədər 18 oktyabr təqvimdə Dövlət Müstəqilliyi Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Burada “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktından biq məqama diqqət yetirək. Həmin sənəddə deyilir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Göründüyü kimi, sənəddə müstəqilliyimizin bərpasından söhbət gedir.

“Müstəqillik günü haqqında” qanunun məhz bu məsələləri dəqiqləşdirdiyini deyən Sevinc Hüseynova qeyd edib ki, bu yenilik Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir: “Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır. Bütün bunlar bir daha ifadə edir ki, yeni qanunda 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir. Düşünürəm ki, uzunmüddətli perspektivdə bu amil azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək. Bir məqama da diqqət yetirək ki, Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bütün bunların fonunda yeni qanun günün tələblərini özündə ehtiva edir. Bu dəqiqləşmələr Azərbaycan cəmiyyətində uzun illərdir mövzu ilə bağlı aparılan müzakirələrə də nöqtə qoyur. Həmin tarixi günlərin mahiyyətinə uyğun olaraq adlandırılması cəmiyyətimiz tərəfindən təqdir olunur”.

 

DİGƏR Xəbərlər Arxiv