YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin  nümayəndələri Suraxanı rayonundakı Dədə Qorqud şəhidliyində Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Niyamin Xaliq oğlu Niftəlizadənin və İkinci Fəxri xiyabanda Vətən müharibəsinə könüllü olaraq qatılan, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Nurəhməd Hacıbəy oğlu Ulubəyovun məzarlarını ziyarət ediblər.

Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları torpaqlarımızdan qovdu. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını  30 il gözlədik. Ermənistan  əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun da fərqində idi. Çünki torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı, istənilən yolla bu ərazilərimizi azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdik. Ermənistanın sülh danışıqlarına imitasiya naminə qatıldığı atdığı addımlarından aydın görünürdü.  Azərbaycan xalqının səbri tükənmişdi. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik.”

R.Quluyev tədbirdə iştirak edən şəhid Nurəhməd Ulubəyovun briqada komandiri olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyevin timsalında bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı arzulayıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında  qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı üçün and yerinə çevrilmiş məkanları ziyarət edirik: “ Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Onlar Azərbaycanın məğlubiyyət tarixini qələbələr, qəhrəmanlıq tarixi ilə əvəz etdilər. Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin bir ili tamam olur. Artıq biz ərazilərimizin işğaldan azad edildikləri tarixləri  qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Burada uyuyan şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan oğullardır.  Hər birimiz onların həyat yolunu bir vətənpərvərlik məktəbi kimi təbliğ etməli, gələcək nəsillərin bu qəhrəmanlarımızı tanımaları, 44 gündə yazdıqları şanlı səhifələri dərindən öyrənmələri üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq”.

Çıxışında “Bu gün torpaqlarımızın azadlığı uğrunda tarix yazan, qisas hissi ilə döyüşə qatılan qardaşlarımızın məzarlarını ziyarət edirik. Mənim üçün çox çətindir. Ona görə ki, şəhid analarına baxdıqca ağır hisslər keçirirəm. Amma məhz sizin böyütdüyünüz, tərbiyə etdiyiniz övladlarınızın sayəsində, onların igidliyi, qeyrəti nəticəsində biz bu gün ayaq üstündəyik” deyən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmadı: “Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Nurəhməd qardaşımız da ilk gündən bizimlə bir yerdə çiyin-çiyinə döyüşüb. Onun göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm”.

Anım mərasimlərində şəhidlərin valideynləri Xaliq Niftəlizadə və Hacıbəy Ulubəyov göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.