YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Biz şəhidlərimizi daim öz qəlbimizdə əbədi yaşadacağıq

“Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, Səfərbərlik Xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda həmin gün böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Anım Günündə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Azərbaycanın münaqişəni hərbi-siyasi yollarla həll etdiyini deyən millət vəkilinin sözlərinə görə, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də həll olundu. Beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və qələbəsini etiraf etməyə məcbur olub. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. Artıq  Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə bunula razı deyilsə, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın. Amma belə bir qurum Azərbaycanda heç vaxt olmayacaq.

Fatma Yıldırım qeyd edib ki, münaqişənin davam etdiyi 30 il ərzində, xüsusilə Birinci Qarabağ müharibəsində xalqımız 20 min nəfərdən çox şəhid verib. Onların arasında çoxlu uşaqlar, qadınlar və qocalar da var. Vətən müharibəsində Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, xalq kimi azad edilmiş torpaqları bərpa edəcəyik.

“Qarabağın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək. Biz şəhidlərimizi daim öz qəlbimizdə əbədi yaşadacağıq. 27 sentyabr-Anım Günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyuldu. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bizim şanlı qələbəmizin simvolu olacaq”,-deyə deputat söyləyib.