YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan münaqişəsinin həlli regional əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər yaradıb

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısı keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edib.

İclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər.

Toplantıda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın yekunu olaraq Nazirlər Bəyannaməsi qəbul edilib.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin sədrliyi ilə keçirilmiş tədbirdə nazir Ceyhun Bayramov çıxış edib. Ceyhun Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq, Azərbaycanın sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində davamlı səylər göstərdiyini bildirib.

Artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunan C.Bayramov bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan ilə Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə ediləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.

LLDC əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.