YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiyada “Azərbaycan-Qafqazın incisi” mövzusunda tədbir keçirilib

Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Fərzəliyev bu ölkənin Kundinamarka Universitetində “Azərbaycan-Qafqazın incisi” mövzusunda təqdimatla çıxış edib.
Səfirlikdən bildiriblər ki, təqdimat Azərbaycanın tarixi, coğrafiyası, siyasi-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri Kolumbiya ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunub.
Universitet rəhbərliyinin, təxminən 300-ə yaxın tələbənin və müxtəlif fakültələrdən olan professor-müəllim heyətinin iştirakı etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Kolumbiyanın dövlət, eləcə də universitetin himnləri səsləndirilib.
Sonra Kundinamarka Universitetinin rektoru Karlos Alberto Korrales Medina, iqtisadiyyat fakültəsinin dekanı professor Alonso Veqa çıxış ediblər. Təhsil ocağının rektoru Azərbaycanın dinamik inkişafı ilə regionun ən güclü dövlətlərindən birinə çevrildiyini qeyd edib. O, Azərbaycanın Kolumbiyada, bu ölkənin isə respublikamızda səfirliklər açmasının qarşılıqlı əlaqələri gücləndirmək əzmini nümayiş etdirdiyini bildirib.
Çıxışlardan sonra Azərbaycan haqqında film nümayiş olunub.
Daha sonra R.Fərzəliyev “Azərbaycan-Qafqazın incisi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda əvvəlcə Azərbaycanın yerləşdiyi coğrafi məkan, əhalisi, təbii resursları və s. haqqında məlumat verilib. Sonra Azərbaycanın tarixindən bəhs edilərək ölkəmizin ərazisində mövcud olmuş dövlətlər, o cümlədən Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, habelə orta əsr dövlətləri haqqında söhbət açılıb. Rusiya imperiyasının işğalından sonra “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycanın bölünməsi və ölkəmizin ərazisinə ermənilərin köçürülməsindən bəhs edilib.
Eləcə də Şərqdə ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətindən və 1920-ci il sovet işğalından danışılıb. Azərbaycan ərazilərinin ermənilərin təhriki ilə sovet rəhbərliyi tərəfindən Ermənistana ilhaq edilməsi tarixi xəritələrlə izah olunub.
Bildirilib ki, Azərbaycan ərazilərinin tədricən ilhaq edilməsi prosesi ümummilli lider Heydər Əliyevin 1969-ci ildə hakimiyyətə gəldiyi dövrə qədər davam edib. Bu qorxunc prosesin Ulu Öndər tərəfindən dayandırıldığı iştirakçıların nəzərinə çatdırılıb. Sonradan milli dövlətçiliyin əsasını qoyan Heydər Əliyevin Azərbaycan SSRİ-də hakimiyyətə gəlişi ilə milli oyanışın başladığı, milli düşüncəli ziyalı təbəqəsinin nümayəndələrinin siyasi təqiblərdən xilas edildiyi, 1970-ci illərdə Azərbaycanın maarifçilik, iqtisadi və mədəni həyatında intibah dövrü olduğu qeyd diqqətə çatdırılıb.
Təqdimatda M.Qorbaçovun dəstəyi ilə Ermənistanın 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiası qaldırması və Dağlıq Qarabağ münaqişəsinin başlamasından bəhs edilib. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə geniş yer verilib, münaqişənin yaranma səbəbləri göstərilib, Azərbaycan torpaqlarının işğal edilməsi, Xocalı soyqırımının törədilməsindən geniş danışılıb.
R.Fərzəliyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması, milli dövlətçiliyin əsasının qoyulması, ölkəmizin dinamik iqtisadi yüksəlişə başlaması, enerji siyasəti, “Əsrin müqaviləsi”, İpək Yolu layihəsi, həyata keçirilmiş neft və qaz kəmərləri, infrastruktur layihələrinin icrası, qeyri-neft sektorunun inkişafı, həyata keçirilməsi nəzərdə tutulan və icrasına başlanılmış nəhəng layihələrdən geniş bəhs edib. Təqdimatda, həmçinin Azərbaycanda ordu quruculuğundakı ciddi nailiyyətlərdən, iqtisadi uğurlardan danışılaraq statistik rəqəmlər açıqlanıb.
Sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.