YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan gəncliyi vətənpərvərdir, intellektualdır, kreativdir və dövlətçiliyə sadiqdir

“Bu gün Azərbaycan gəncliyi cəmiyyətimizin avanqard hissəsi təşkil edir. Respublikamızda bütün sahələrdə gənclərin inkişaf etdiyini görürük, ölkənin tərəqqisi naminə enerjisini, gücünü sərf etdiyini müşahidə edirik. Sözün həqiqi mənasında Azərbaycanın milli ruhda tərbiyə almış gəncliyi vətənpərvərdir, intellektualdır, kreativdir və dövlətçiliyə sadiqdir. Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Elə 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncliyi malik olduğu bütün üstün keyfiyyətlərini nümayiş etdirdi. Məhz, onların vətənpərvərlik ruhunda tərbiyə alması, milli ruhda yetişməsi ölkəmizi böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu mənada əminliklə deyə bilərik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə və regionda baş verən hadisələrin, dövlətimizin yaratdığı yeni reallıqların fonunda ölkəmizin gəncləri bu gün də anti-Azərbaycan dairələrinin hədəfinə çevrilməkdədir: “Sirr deyil ki, 1990-cı illərin əvvəllərində ölkə gəncləri pis vərdişlərə, mənfi xarakterli işlərə, cinayətkar qrupların fəaliyyətlərinə cəlb edilirdilər. Xüsusilə də, AXC-Müsavat hakimiyyəti illərində gənclər təhsildən, idmandan kənar tutulmaqla yanaşı, daha çox cinayətə meyilləndirilirdilər. Lakin AXC-Müsavat cütlüyünün hakimiyyətdən qovulmasından sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın rəhbərliyinə gətirilməsi ilə gənclərə münasibət dəyişdi. Gənclər artıq cinayətə, reketliyə deyil, təhsilə, idmana, yaradıcılığa istiqamət aldı. Ölkənin gənclərlə bağlı siyasi kursu, strategiyası müəyyənləşdirildi. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev isə gənclərin özünüinkişaf imkanlarını daha da genişləndirdi. Məhz, bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi idman, təhsil, yaradıcılıq, biznes, siyasət və başqa sahələrdə uğurlar qazanır, dünya gəncliyi üçün nümunə təşkil edir. 44 günlük Vətən müharibəsindən, parlaq Zəfərdən sonra gənclərin dövlətçiliyin qorunmasında yeri və rolu daha da artmaqdadır. Gənclər təkcə döyüş meydanında silahla deyil, eyni zamanda informasiya müharibəsi cəbhəsində də həm daxili, həm də xarici düşmənlərə layiq olduğu cavabı verir. Elə bu səbəbdəndir ki, bu gün də Azərbaycan gəncliyi hədəfdədir. Onları müxtəlif yalanlarla, vədlərlə aldatmaq, çaşdırmaq cəhdləri hələ də davam etməkdədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar qəbulu zamanı bu məsələni qeyd edib. Bildirib ki, indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”.

“Bu gün anti-Azərbaycan dairələri, xüsusilə “5-ci kolon” müstəqilliyimizin ilk illərində baş vermiş faciələri görməyən, həmin dövrün həqiqətlərini bilməyən gəncləri hədəfə alırlar” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, gənclərimiz 1992-1993-cü illərin hadisələri, bu gün özünü müxalifət kimi təqdim edib hakimiyyət iddiasında olan AXC-Müsavat cütlüyünün xəyanətləri haqqında ətraflı şəkildə məlumatlandırılmalıdır: “Gənclərimiz bilməlidir ki, Əli Kərimli, Arif Hacılı kimilər hakimiyyət naminə Şuşanın, Laçının, Kəlbəcərin işğalına şərait yaratmışdılar. Məhz, AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı və iş o yerə gəlmişdi ki, Azərbaycan hərbçiləri bir-birinə silah çəkmişdi. Azərbaycan gəncliyi yaxşı bilməlidir ki, hansı prezident Rusiya ilə sərhəddin olmasını istəmirdi, kim İranla sərhəddi Rusiya qoşunları ilə birgə qorumaq niyyətində idi. Necə ki, bu gün Ermənistan eyni addımı atır. Gənclərimiz bilməlidir ki, Əli Kərimli, Arif Hacılı kimilər sayəsində xalqımız aclıq imtahanına çəkilmişdi, ölkədə çörək növbələri yaranmışdı, ərzaq çatışmazlığı üzündən aclıq intiharları genişlənmişdi. Bu gün “demokratiya” deyib gənclərin beynini yumağa çalışanlar, bax həmin vəziyyəti yenidən Azərbaycana qaytarmaq niyyətindədir. Səbəbsiz deyildir ki, Əli Kərimli, Arif Hacılı kimilər Azərbaycan üçün Suriya, Liviya, Somali, Yəmən ssenarisi arzu edirlər. Gənclərimiz bu reallıqları bilməli və onları “aclıq oyunları”na alət etmək istyənləri qətiyyətlə rədd etməli, dövlətçiliyi müdafiə naminə əsl vətəndaş mövqeyini sərgiləməli, aldadılmasına imkan verməməlidir”.

DİGƏR Xəbərlər Arxiv