YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiq edildikdən sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatının XI hesabat konfransı əvvəlki konfranslardan fərqli əhval-ruhiyyədə keçirilir. Belə ki, 28 illik həsrətdən sonra Ali Baş Komandanımızın, Prezident İlham Əliyevin  rəhbərliyi ilə şanlı ordumuz işğal altında olan torpaqlarımızı işğaldan azad edib. Ordumuzun gücü qarşısında aciz qalan işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə imzalanmış Birgə Bəyanata əsasən Laçın rayonu bir güllə atılmadan işğaldan azad edildi. Artıq laçınlılar məcburi köçkün deyillər, onlar qısa zamanda doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.

İ.İlyasov qeyd edib ki, hazırda rayon təşkilatının 32 ərazi ilk partiya təşkilatında 3612 nəfər üzv birləşir ki, onlardan da 1611 nəfəri qadınlar, 732 nəfəri isə gənclərdir. Sonuncu konfransdan keçən müddət ərzində 333 nəfər rayon sakini partiya sıralarına qəbul edilib ki, onlardan 266 nəfəri qadınlar, 140 nəfəri isə gənclərdir.

Sonra YAP Laçın rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Novruz Nəcəfovun məruzəsi dinlənilib.

Müzakirələr zamanı Milli Məclisin deputatı Mahir Abbaszadə, YAP Laçın rayon təşkilatının Şura üzvü Əmirxan Zeynalov, rayon təşkilatının fəal üzvü Aytac Abbasova və rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Məmişzadə çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində digər rayonlarımız kimi Laçının da işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, hazırda azad olunmuş ərazilərimizə insanların qayıdışı üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. O, belə bir inam ifadə edib ki, YAP Laçın rayon təşkilatının da doğma yurda qayıdışdan sonra fəaliyyətində yeni mərhələ başlayacaq.

“Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub”, - deyən Ə.Tağıyevin sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla yanaşı, bu siyasətin uğurlarını da xalq arasında geniş təbliğ etməkdədirlər.

Ə.Tağıyev həmçinin qarşıda duran vəzifələrdən danışıb, YAP Laçın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Laçın rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.