YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyevin Azərbaycanın uğurlarına dözümsüzlüyü və qarayaxma kampaniyası

Amin İsmayılov,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

AMEA-nın müxbir üzvü, professor

Bu gün Azərbaycan dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən, sabit, təhlükəsiz  dövləti kimi tanınır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər nəticəsində ölkədə əhalinin sosial-rifah halı daha da artıb. Bu da xalqın iqtidara olan inam və etimadının daha da möhkəmlənməsinə, yeni zəfərlər və nailiyyətlər yolunda hakimiyyətin apardığı siyasətə dəstək verilməsinə imkanlar yaradır. Məhz xalq-hakimiyyət birliyinin təntənəsi olaraq Azərbaycan yeni-yeni uğurlara imza atmaqdadır. Bunu yalnız biz demirik, beynəlxalq maliyyə institutlarının yaydıqları hesabatlar da bu uğurları təsdiq edir. Dünya Bankının 2020-ci il “Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Söz yox ki, bugünkü siyasi, hərbi, diplomatik və digər sahələrdə əldə olunan uğurlar Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin əsasını qoyduğu siyasətinin nəticəsidir.  Dahi Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə Müzəffər Azərbaycan Ordusu erməni işğalı altında olan torpaqlarımızı işğaldan azad etməklə ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi. Prezidentimiz İlham Əliyev cənabları təkrarlanması mümkün olmayan zəfər tarixi yazdı. Azərbaycan xalqı durduqca bu qələbəni qürur hissi ilə öz qəlbində yaşadacaqdır. Bu gün bu möhtəşəm qələbəyə kölgə salmaq heç xarici düşmənlərin də ağlına gəlmir. Bütün dünya ictimaiyyəti Azərbaycanın şanlı qələbəsini qəbul edir və xalqımızın qəhrəmanlığına ehtiramla yanaşır. Belə bir vəziyyətdə ölkə daxilində kiminsə bu tarixi qələbəyə kölgə salmağa çalışması, ölkəmizin uğurlarına dözümsüzlük göstərərək şər və böhtan dolu qarayaxma kampaniyası aparması heç bir məntiqə və sağlam düşüncə tərzinə uyğun gəlmir. Ağlı başında olan bütün bədxahlar bilməlidirlər ki, bu tarixi zəfərə kölgə salmaq mümkün deyil. Azərbaycanın 44 günlük müharibədə qazandığı uğurlar yalnız hərbi sahədə deyil, siyasi, diplomatik, iqtisadi və sosial sahələrə də aiddir. Öz torpaqlarını düşmən işğalından azad etmək üçün müharibə aparan ölkənin sosial-iqtisadi sahədə stabilliyi bu cür qoruya bilməsi tarixi uğurdur. Müharibədən çıxmış bütün ölkələr iqtisadi vəziyyəti bərpa etmək üçün uzun illər məhdudiyyətlərlə yaşamalı olurlar, lakin dövlətimizin dəqiq düşünülmüş iqtisadi siyasəti sayəsində bu gün işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində geniş miqyaslı tikinti quruculuq işləri çox böyük sürətlə həyata keçirilir. Bütün bunlara, hətta bizim qonşuluğumuzdakı düşmənlər də öz həsəd hisslərini gizlədə bilmirlər. Belə bir zamanda kiminsə gündə bir internet kanalında qara yaxması rəzillikdən başqa bir şey deyildir. Bütün dövrlərdə, hətta məktəb, universitet illərində belə diqqət qazanmaq üçün ən ucuz üsulun inkarçılıq olduğunu görmüşük. İstehsalatda, elmdə, müxtəlif yaradıcılıq qurumlarında da daxilən tükənmiş adamların yeganə gündəmdə qalmaq yolu inkarçılıq olub. Son illərdə bu, şou aləmində daha çox istifadə edilir. Amma xalqımızın müqəddaratını həll etmiş, inanılmaz dərəcədə böyük bir qələbənin nəticələrinə Əli Əliyevin şər və böhtan cəhdləri, insan xarakterinin ciddi deqradasiyasından və hansısa məkrli planlardan xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, müharibənin labüd iqtisadi yükünə baxmayaraq,  Azərbaycan hökuməti əhalinin sosial-iqtisadi vəziyyətinin qorunmasına tam gücü ilə çalışdı və buna nail oldu. Bunun çoxsaylı nümunələrindən biri kimi, bütün dünyanın probleminə çevrilmiş COVID -19 pandemiyası ilə mübarizəni göstərmək olar.

Koronavirus pandemiyasının Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmiz pandemiyadan ən az zərər görən ölkələrdəndir. Dünyanın bir çox ölkələri pandemiya ilə mübarizə aparmaq üçün vaksin çatışmazlığı ilə üzləşdikləri halda, ölkəmiz vaksinlərlə tam təmin olunub və hətta vətəndaşlarımızın istədiyi vaksini seçmək imkanı vardır.  Həyata keçirilən komleks tədbirlər bir daha göstərir ki, ölkəmizdə aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur.

Təəssüflər olsun ki, beynəlxalq aləm, aparıcı ölkələrin hökumət və dövlət başçıları Azərbaycanın uğurlarını etiraf edib, müsbət fikirlərini bildirdikləri halda şəxsi və qrup maraqlarından çıxış edən bir neçə “siyasət”çi qarayaxma kampaniyası aparmağa cəhdlər göstərir. Bu sırada özünü tibb üzrə mütəxəssis kimi təqdim edən Əli Əliyevin peyvəndə qarşı qəsdən yanlış fikirlər söyləməsi, nisbətən az məlumatlı əhali arasında çaşqınlıq yaratması xalqın sağlamlığını qorumaq istiqamətində aparılan dövlət siyasətinə qarşı yönəlməklə yanaşı, sadə vətəndaşın sağlamlığına da böyük təhdid yaradır. Təbii ki, bu cür populist və müəyyən qrup kütlə arasında ucuz reytinq qazanmağa çalışan Əli Əliyev istəyinə nail ola bilməz. Çünki indi 1992-ci il deyil və qədirbilən Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır. Bu gün  heç kimə sirr deyil ki, müxalif partiya sədrlərinin, ekspertlərin  iddiaları və ittihamları sadəcə qrantverən təşkilatların diqqətini özlərinə cəlb etməyə hesablanıb. Qrant əldə etmək üçün çalışanlar və ya bəzi xarici təşkilatların “diqqətini cəlb etmək” üçün özünü müxalifət adlandıran partiyalar, QHT və blogerlər üçün ən etibarlı yol öz ölkəsi haqqında şər - böhtan yazmaqdır. Xaricdəki maraqlı qüvvələri heç vaxt reallıq maraqlandırmayıb, onlar ölkəmiz haqqında müsbət fikirləri qəbul etməkdən çox uzaqdırlar. Görünən odur ki, bu yolu tutanların sırasında  Əli Əliyev daha çox fəallıq göstərməyə cəhd edir. Bəlkə də təsadüf deyil ki, Əli Əliyev rəsmi olaraq “Vətəndaş və İnkişaf” partiyasının sədri olsa da,  daha çox özünü bloger kimi təqdim edə bilib. O, müxtəlif sosial şəbəkələrdə yalan və böhtan üzərində qurulan statusları ilə kifayətlənməyib,  “Osmanqızı” internet kanalında  yalanlar, iftiralar səsləndirir. Bununla da ictimai rəyi çaşdırmağa və siyasi divident əldə etməyə çalışır. Erməni maraqlarına uyğun çıxış edən bu  partiya sədri gah  Qarabağla bağlı müəmmalı fikirləri ilə insanları aldatmağa cəhd edir, gah əhalini vaksin vurdurmamağa çağırır, gah da Cənubi Qafqazın ən böyük lider partiyası olan Yeni Azərbaycan Partiyası haqqında ağ yalanlar söyləyir. Yeri gəlmişkən, YAP-ın həyata keçirdiyi islahatlar və idarəetmənin təkmilləşdirilməsi istiqamətində atdığı addımlar, həqiqi mənada nümunəvi addımlardır və bu mütərəqqi təcrübədən yararlanmaq əvəzinə, partiyanın ünvanına əsassız ittihamlar yaymaq, heç kimə, o cümlədən Əli Əliyevə baş ucalığı gətirməz. Ə.Əliyevin başdan-ayağa yalan və faktların təhrif olunması üzərində qurulan çıxışlarından belə görünür ki, o, siyasətə heç bələdiyyə seçkilərində belə uğur qazanmaq üçün gəlməyib. Heç bir arqumentə söykənməyən, bayağı, populist çıxışlarla gündəmdə qalmaq üçün  tarixi uğurları inkar etməklə uzağa getmək mümkün deyil. Reallığa və mövcud faktlara zidd olan açıqlamalar söyləməklə Ə.Əliyev siyasi opponentlik qaydalarını , mədəniyyətini tam inkar etmiş olur. İqtidara siyasi opponentlik etmək üçünsə mütləq xalqla bir yerdə olmaq və onun dəstəyini almaq lazımdır. Xalqın dəstəyinə malik olmayan, konkret söz söyləmək, obyektiv reallığı görməzdən gələn bir siyasi partiya nümayəndəsi, uğurlara imza atmış, siyasətinin doğruluğunu əməli ilə sübut etmiş, öz lideri ətrafında sıx birləşərək qələbədən-qələbəyə inamla irəliləyən bir partiya haqqında nə danışa bilər?

Siyasi arenada fəaliyyət göstərən partiyalar arasında yeganə Yeni Azərbaycan Partiyasıdır ki, xalqın dəstəyi ilə hakimiyyətə gəlib. Ölkə ziyalılarının müraciəti nəticəsində yaradılan YAP cəmi 6 ay siyasi opponentlik etdi. Bununla da siyasi partiyaların üzərinə düşən funksiyaları yerinə yetirməklə hakimiyyətə gəldi. 1993-cü ilin iyun ayınadək Azərbaycanda hakimiyyət böhranı yaranmışdı, idarəçilik aparatında səriştəsiz insanlar əyləşmişdi, torpaqlarımızın işğal edilməsinə şərait yaradılmışdı. O zaman  hakimiyyətdə olan AXC- Müsavat cütlüyü artıq legitimliyini itirmişdi. Məhz belə ağır, çətin dönəmdə xalq ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq hakimiyyətə gəlişi ilə Azərbaycan nicatına və xilasına çata bildi. Əli Əliyev və ona himayədarlıq edənlər isə bu gün xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının siyasi uğurlarına, xalq arasında olan nüfuzuna qısqanclıqla yanaşırlar. Çalışırlar ki, şər, böhtanla YAP-ın nüfuzuna xələl gətirsinlər.

Bütün bu hay-küylü müsahibələrdən aşağıdakı məqsədləri görmək mümkündür:

  • Azərbaycan cəmiyyətində təxribatlar və  qarşıdurmalar yaratmaq;
  • Həyata keçirilən sosial-iqtisadi, siyasi-hüquqi islahatları gözdən salmaq;
  • Koronavirus pandemiyası dövründə həssas təbəqənin narahatlığından istifadə etməklə cəmiyyətdə siyasi hakimiyyətə  qarşı inamsızlıq yaratmaq;
  • Yalan və böhtanlar səsləndirməklə insanlar arasında çaşqınlıq yaratmaq;
  • Müxtəlif internet TV-lərdə, saytlarda  əsassız materiallar dərc etmək, fikirlər söyləməklə vətəndaş-hakimiyyət münasibətlərinə zərbə vurmaq;
  • Kiminsə (kimlərinsə) tövsiyəsinə uyğun olaraq COVİD-19 pandemiyasına qarşı aparılan dövlət tədbirlərinə kölgə salmaq;
  • Ölkəmizin beynəlxalq aləmdə demokratik imicinə zərbə vurmaq;
  • İnsan hüquqları və azadlıqları ilə bağlı aparılan geniş miqyaslı işlərə zərbə vurmaq:
  • Beynəlxalq təşkilatların Azərbaycana olan inam və etimadına zərər vermək;
  • YAP –ın uğurlu siyasətini və fəaliyyətini gözdən salmaq.

Əslində Ə.Əliyevin əsassız şər və böhtanlarına cavab verməmək də olardı. Çünki danılmaz həqiqətləri, tarixi uğurları inkar edənlərin niyyətləri aydındır. Sadəcə Azərbaycanın qələbə ardınca qələbə qazandığı, şanını şöhrətini dünyaya yaydığı, beynəlxalq münasibətlərdə hörmət sahibi olduğu bir vaxtda, daxildə belə dayaz və yersiz iddialarla çıxış edənlərin olması təəssüf doğurur. Cəmiyyətimiz  şər, böhtan, yalanlar və əsasız ittihamlara  görə belələrinin cavabını verməyə qadirdir.

Hörmətli prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həm ölkəmiz, həm də partiyamız qələbə ruhu  ilə irəliləməkdə və uğurlar qazanmaqdadır. Ardıcıl qazanılan uğurlar o qədər çox olacaq ki, bədxahlarımız şər-böhtan atmağa imkan belə  tapa bilməyəcəklər.