YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqları düşünməyənlərin iddiaları heç bir ictimai dəstək qazana bilməz

“Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmlərini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, möhtəşəm qələbəmizə rəğmən bəzi müxalifətçilər bu qələbənin miqyasını, ordumuzun şücaətini kiçiltməyə çalışır. Bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin mövqeyindən görmək mümkündür. Ə.Əliyev bilməlidir ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Məhz qəhrəman Ordumuzun gücü qarşısında məğlub olan düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmatan tərk etməyə məcbur oldu.

Millət vəkilinin sözlərinə görə, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: “Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Belə olan halda Ə.Əliyevin ictimai rəyi çaşdırmaq cəhdləri qəbulolunmazdır. Onun proseslərə yanaşması dövlət və  milli maraqlarımıza ziddir. Qələbəmizin əhəmiyyətini kiçiltməyə çalışanlar nəzərə almalıdır ki, bu gün doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağın incisi Şuşada görülən işlər hər kəsə məlumdur. Hətta ermənilər də bərpa işlərinin böyük sürətlə həyata keçirildiyini etiraf edirlər. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin təşkil olunması  buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə  sürətli bərpa – quruculuq işlərin aparılması böyük qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Bugünlərdə Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşun həyata keçirilməsi, Zəfər Yolunun yaxın vaxtlarda tikintisinin başa çatdırılması hər bir vətəndaşı qürurlandıran hadisələrdir. Biz qarşıdakı günlərdə, aylarda həmin ərazilərdə yeni-yeni açılışların şahidi olacağıq, böyük qayıdışın sevincini yaşayacağıq. Eyni zamanda,  dövlətimiz azad olunmuş ərazilərdə hərbi cəhətdən də möhkəmlənməkdə davam edir, özünün  sərhədlərini qoruyur. Eyni zamanda, Türkiyə ilə birgə hərbi təlimlər keçirən ordumuz öz gücünü və təcrübəsini artırır. Bütün bunların fonunda VİP sədri Əli Əliyevin açıqlamaları realıqlardan tam uzaq görünür. Həm də xalqımız Prezidentimizin rəhbərliyi ilə milli maraqlarımıza əsaslanan dövlət siyasətini birmənalı olaraq dəstəkləyir. Bu səbəbdən də Ə.Əliyev kimilərinin iddiaları heç bir ictimai dəstək qazana bilməz”.