YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderə sədaqətin, Vətənə xidmətin, xalqa məhəbbətin ünvanı – Mehriban xanım Əliyeva

Musa URUD,

Milli Məclisin deputatı

Müasir Azərbaycan dövlətinin inkişafında, qüdrətlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində, xalq-iqtidar birliyinin möhkəmlənməsində ölkəmizin Bi­rinci vitse- prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, gərgin əməyi, misilsiz xidmətləri və böyük uğurları vardır. Mehriban xanımın çoxşaxəli, xoş məramlı, tolerantlıq və humanizm ənənələrinə söykənən birləşdirici, səfərbəredici fəaliyyəti sayəsində qədim və zəngin Azərbaycan mədəniyyəti dünya miqyasında ləyaqətlə təqdim olunmuş, xalqımıza çoxsaylı dostlar qazandırmış, Azərbaycanın beynəlxalq aləmdə müasir, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınmasında əvəzsiz rol oynamışdır.

Əsilzadə ailənin istedadlı övladı

İnsanın şəxsiyyət kimi formalaşma­sında irsi-genetik faktorlarla yanaşı, onun doğulub böyüdüyü ailənin, tərbiyə və təhsil aldığı mühitin çox böyük təsiri və əhəmiyyəti vardır. Mehriban xanım Əliyeva 1964-cü il avqustun 26-da Azərbaycanın tanınmış ziyalı ailəsində, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Arif Paşayevin və Azərbaycanın ilk ərəbşünas alimi, professor Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. Mehriban xanımın babaları–görkəmli yazıçı və ədəbiyyatşünas, professor Mircəlal Paşayev və dövrünün məşhur söz, qələm və fikir adamı görkəmli jurnalist və pedaqoq Nəsir İmanquliyev Azərbaycanın tanınmış və hörmətli ziyalılarından olmuşlar. Belə bir ailədə böyüyən, həyatının ilk çağlarından iste­dadı, intellekti və çalışqanlığı ilə seçilən Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək 1982- ci ildə müvəffəqiyyətlə imtahan verərək ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən birinə – Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmuş, son­ralar ailə vəziyyəti ilə əlaqədar Mosk­vaya köçmüş, orada o vaxtkı SSRİ-nin (indiki Rusiyanın) ən nüfuzlu tibb ocağı sayılan İ.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunu 1988-ci ildə qırmızı diplomla bitirmişdir. Dünyanın ən hu­manist peşəsi sayılan həkimlik peşəsini seçməyi ilə bağlı Mehriban xanım yazır: “Ağlım kəsəndən bəri başqa alternati­vim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq et­mişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.

İlk həkimlik təcrübələrini 1988-1992-ci illərdə Moskvada dün­ya şöhrətli oftalmoloq-alim akademik M.Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri elmi-tədqiqat İnstitutunda aparan Mehriban xanım sonrakı illərdə Azərbaycanda sosial siyasətin, tibb elminin və səhiyyənin inkişafına böyük töhfələr vermişdir.

Eyni zamanda, tibbi etika və deonto­logiyanın aktual problemlərinin araşdı­rılması ilə məşğul olan Mehriban xanım Əliyeva 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” möv­zusunda dissertasiya işi müdafiə edib fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

İlk gənclik illərindən həyatını ümum­milli lider Heydər Əliyevin və əsilzadə xanım, dövrünün məşhur oftalmoloq alimi akademik Zərifə xanım Əliyevanın ocağına bağlamış Mehriban xanım həm ata evinin, həm də gəlin köçdü­yü müqəddəs ocağın malik olduğu dərin köklərə bağlanan milli-mənəvi dəyərləri, ədaləti, humanizmi, kübarlığı və sadəliyi öz həyat amalına çevirərək hər iki kökdən gələn zəngin ənənələri daha da inkişaf etdirmiş, ömür-gün yoldaşı Prezident İlham Əliyevə daim mənəvi dəstək göstərmiş, etibarlı arxa olmuş, eyni zamanda, öz xalqının və dövlətinin tərəqqisi yolunda yorulmadan çoxşaxəli fəaliyyət göstərmiş, görkəmli ictimai-siyasi və dövlət xadimi ola­raq doğma xalqının misilsiz sevgisini qazanmışdır.

Mədəniyyətin hamisi, humanizmin ünvanı – Heydər Əliyev Fondu

Azərbaycanın Birinci xanımının çoxşaxəli ictimai-siyasi fəaliyyətinin əsas qayəsi humanizm, əsas istiqamətləri isə milli-mənəvi dəyərlərimizin qorun­ması, inkişafı və dünyada təbliği, sosial müdafiəyə ehtiyacı olan şəxslərə, xüsusi ilə valideyn himayəsindən məhrum olan uşaqlara qayğı, səhiyyənin, təhsilin, mədəniyyətin, idmanın inkişafına dəstək verilməsi, Qarabağ problemi­nin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bölgədə və dünyada ədalət, sülh, tolerantlıq, əməkdaşlıq və s. kimi aktual məsələlərdir.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla geniş ictimai fəaliyyətə başlayan Mehriban xanım Əliyeva 1996-cı ildə fondun fəaliyyətinin və mədəni irsimizin təbliğat orqanı olan "Azərbaycan – İrs" jurnalını üç dildə (Azərbaycan, rus və ingilis dillərində) təsis edir. Fondun və jurnalın yaranması o dövr ölkəmizin ictimai həyatında mü­hüm təşəbbüs, bir yenilik idi. Bu barədə Mehriban xanım sonralar deyirdi:

"Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideolo­giyadan xilas olma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən ke­çirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

Birinci vitse-prezidentin ictimai-si­yasi fəaliyyətinin ən mühüm hissəsi heç şübhəsiz ki, Heydər Əliyev Fondu ilə bağlıdır. 2004-cü ildə mü­asir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, və təbliğ edilməsi, onun azərbaycançılıq ideyasının və dövlətçilik baxışlarının yeni nəsillərə çatdırılması məqsədi ilə yaradılan fond hörmətli Mehriban xanımın yüksək təşkilatçılıq istedadı və yorulmaz fəaliyyəti sayəsində müasir Azərbaycanın ictimai-siyasi həyatının mühüm atributuna çevrildi.

Mehriban Əliyevanın təşkilatçılığı və rəhbərliyi altında qısa müddətdə Heydər Əliyev Fondunun müasir dünya-görüşlü, bilikli, yenilikçi, yaradıcı çevik düşüncəli gənclərdən ibarət işgüzar və sağlam bir kollektivi formalaşdı ki, sonradan bu gənclərdən bir çoxu onlara göstərilən böyük etimadı ləyaqətlə doğruldaraq dövlətin siyasi-inzibati idarəçilik sistemində mühüm vəzifələrə irəli çəkildilər.

Heydər Əliyev Fondu yarandığı gündən indiyədək böyük səylə və uğurla təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial müdafiə və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fondunun ölkədaxili fəaliyyəti ilə yanaşı beynəlxalq əhəmiyyətli sosial, mədəni, humanitar fəaliyyəti də mütləq qeyd olunmalıdır. Məhz bu fəaliyyət sayəsində ölkəmizin beynəlxalq aləmdə sivil, demokra­tik, hüquqi, tolerant dövlət kimi imici yüksəlmiş, xalqımızın dostları çoxalmış, artıq öz tarixi həllini tapmış Ermənistan– Azərbaycan münaqişəsində ölkləmizin haqq işini dəstəkləyənlərin sayı art­mışdır. Mehriban xanımın rəhbərliyi və təşəbbüsləri ilə Heydər Əliyev Fondu qısa müddətdə beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkan­ları əldə etmişdir. Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savad­sızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunma­sına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrıseçkiliyin aradan qaldırılmasına həsr olunmuş yüzlərlə tədbirlərin keçirilməsi bu qurumun beynəlxalq nüfuzunun göstəricisidir. Məhz Mehriban xanımın şəxsi təşəbbüsünə və nüfuzuna görə Azərbaycanın mədəni irsinin dünya­da tanıdılması istiqamətində tarixi nailiyyətlər əldə edilmiş, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Komp­leksi, Şəki Xan Sarayı və Şəki şəhərinin mərkəzi hissəsi UNESCO-nun Dün­ya Mədəni İrs Siyahısına salınmış, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlan­ması sənəti, eləcə də, Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı­na daxil edilmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsə, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hol­landiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afri­ka ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imza atılmışdır.

Beynəlxalq miqyasda xeyirxahlıq və humanistlik fəaliyyətinə görə Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilmişdir.

Musiqimizin və idmanımızın inki­şafında xüsusi töhfələri olan Mehriban xanım Əliyevanın Bakıda keçirilən 2012- ci ildə “Avroviziya” musiqi yarış­masının, 2015-ci ildə isə 1-ci Avropa Oyunlarının təşkilat komitəsinin rəhbəri kimi yüksək idarəçiliyi, peşəkarlığı, təşkilatçılıq bacarığı nəticəsində ölkəmiz ev sahibliyi etdiyi bu nüfuz ­lu beynəlxalq tədbirlərin tarixinə öz adını qızıl həriflərlə yazdırmışdır. Bu misilsiz fəaliyyətinə görə 2016-cı ildə "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafın­da göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və id­manın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Birinci xanım institutunun banisi – siyasi və dövlətçilik fəaliyyəti

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm rol oynamış kifayət qədər qadın siyasətçi, dövlət adamı olmuşdur. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Atabəy Şəmsəddin Eldəgizin xanımı Möminəxatun, Qızıl Arslanın arvadı Qətibə xanım, sonun­cu Atabəylər hökmüdarı Müzəfərəddin Özbək xanın arvadı Mehrican xatun, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Dərbənd hökmdarı Tuti Bikə, Qarabağ xanının nəvəsi, şairə və xeyriyyəçi Xurşidbanu Natəvan və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri xalqımızın tarixi yaddaşında bu gün də yaşayır və rəhmətlə anılırlar.

Mehriban xanım Əliyeva öz fəaliyyət diapazonunun genişliyinə, dövlət idarəçiliyi sistemində tutduğu yerə, beynəlxalq fəaliyyətinə, icti­mai nüfuzunun yüksəkliyinə görə bu xanımların hamısının fövqündə dayanır. Mehriban Əliyeva müstəqil Azərbaycanın dövlətçilik tarixində Birinci xanım institutunu yaradan, Bi­rinci vitse-prezident vəzifəsinə təyin olunan ilk şəxsdir.

Bütün fəaliyyətində işgüzarlığı, təmkini, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşma­sından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

Mehriban xanım öz uğurlu siyasi-dövlətçilik fəaliyyəti ilə "Şərqdə siyasət yalnız kişi işidir" – kimi formalaşan yanlış stereotipi sındırdı. Eyni zamanda, Azərbaycan qadınının dünyada müasir, özünə inamlı, güclü, professional, öz ailə ocağının qoruyucusu kimi müsbət obrazını ləyaqətlə təqdim etdi.

Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vit­se-prezident təyin edilməsi cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Meh­riban Əliyeva Azərbaycan Respublika­sının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamı ilə Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti təyin olunmuşdur. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərək keçdiyi həyat yoluna qısa nəzər salmış, həyatının ictimai əhəmiyyət kəsb edən məqamlarına toxu­naraq demişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir... Heydər Əliyev Fon­dunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevril­mişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mənəvi sərvətimizdir... Mehribanın beynəlxalq aləmdə bö­yük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə bir şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni za­manda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür...”

Mehriban xanım Əliyevanın ümum­milli lider Heydər Əliyevin yaradıcısı ol­duğu, cənubi Qafqazın ən mütəşəkkil və monolit partiyası olan Yeni Azərbaycan Partiyasında fəaliyyəti xalq içərisində partiyamızın nüfuzunun artmasına, gənclərin və qadınların partiya sıraların­da təmsilçiliyinin yüksəlməsinə böyük stimul vermişdir.

Mehriban xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr mü­avini, 2021-ci ildən isə partiya sədrinin birinci müavinidir.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12%, 94,49%, 2015- ci ildə isə 96,7% səs toplayaraq deputat seçilmiş­dir.

Öz seçicilərini parlamentdə ləyaqətlə təmsil edən Milli Məclisin deputatı Mehriban Əliyevanın qanun yaradıcılı­ğı sahəsində fəaliyyəti də səmərəli və faydalı olmuşdur. O gender bərabərliyi, insan haqları, sosial müdafiə və səhiyyə sahəsində bir çox gərəkli layihələrin müəllifi olmaqla yanaşı, parlamentarizm tarixinə aministiya aktı haqqında qanun layihəsi təqdim edən ilk deputat kimi düşmüşdür.

2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qo­vuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insan­ları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiri­rik".

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin de­putatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu təşəbbüsü ənənəyə çevirərək 2009, 2013, və 2016-cı illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009- cu ildə 9564, 2013-cü ildə 9000, 2016-cı ildə isə 10000 nəfər azadlığa buraxılmış­dır.

Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti vəzifəsinə təyin olunmaqla əlaqədar Milli Məclisdəki fəaliyyətinin dayandırılması ilə bağlı par­lamentin 07.03.2017-ci il tarixli plenar ic­lasında çıxışı zamanı Mehriban xanımın söylədiyi fikirlər həm də Milli Məclisin fəaliyyətinə böyük qiymət idi:

“Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.

Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Mil­li Məclisin deputatı kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olma­yaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç za­man unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”.

Liderlə çiyin-çiyinə – qüdrətli Azərbaycan naminə

"Hər uğurlu kişinin arxasında bir güclü qadın dayanır". Müəllifi və deyilmə zamanı bəlli olmayan müdrik, əsrlərin sınağından çıxmış bu fikirdə böyük həqiqət yükü olduğunu hər kəs təsdiq edə bilər. Xüsusi ilə, o uğur­lu kişi böyük rəhbər adam olduqda, millətin və dövlətin ağır məsuliyyət və cavabdehlik yükünü öz çiyinlərində daşımalı olduqda onun arxasında və yanında bir güclü, həm də müdrik qadının olması çox vacibdir.

Ailə dövlətin kiçik bir modeli, cəmiyyətin quruluş vahididir.

Mehriban xanım öz müsahibələrində çox haqlı olaraq qeyd edir ki, qadın ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır: “Mənim üçün çox vacib­dir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Respublikanın Birinci vitse-pre­zidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

"Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlı­cası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacib­dir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini du­yursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə, bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”, – deyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.

Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yadda­qalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli bax­mağa vadar edən möcüzə olduğunu bildirir.

Mehriban xanım Əliyeva təkcə ailə həyatında deyil, gərgin və məsuliyyətli dövlətçilik fəaliyyətində də həyat yol­daşının – cənab Prezidentin arxasında mərdcəsinə dayana biləcəyini qısa müddətdə öz uğurlu fəaliyyəti ilə sübut etdi. Uzun illər Mehriban Əliyeva ilə birgə çalışmış Azərbaycan Respub­likası Prezidentinin köməkçisi Anar Ələkbərov yazır:

“Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bü­tün təşəbbüslərdə müsbət nəticə qazanmaq üçün qibtə doğuracaq qabiliyyətə malik mahir praqmatikdir. O, həqiqətən də, tükənməz enerjiyə malikdir. Deyərdim ki, məhz onun ina­mı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və nadir müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara atmaqla istənilən vəziyyətdən çıxış yolu tapa bilər.

Onun yanında işlədiyim illər ərzində iki sadə həqiqəti dərk etdim: onlardan birincisi – Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi – onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan ilk ba­xışdan az əhəmiyyətli görünə biləcək detallara diqqətli yanaşması və dəqiq təhlili".

Elə Mehriban xanım özü də qeyd edir ki, “Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolu­nu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu de­yildi. Əsas budur ki, rəhbər vəzifədə– Azərbaycan Respublikasının Prezi­denti kimi İlham Əliyev, ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə isti­nad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən baş­lıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”

Bu illər ərzində biz bü­tün tədbirlərdə, mərasimlərdə, səfərlərdə hörmətli Mehriban xanımı cənab Prezidentin yanında gör­dük, onun ağır məsuliyyət yükünü bölüşdürən gördük, uğurlarına hamıdan artıq sevinən gördük.

Ötən ilyarım xalqımızın və dövlətimizin tarixində ağır sınaq dövrü və şərəfli zəfər günləri kimi qalacaqdır.

2020-ci il martın 11-də Ümumdün­ya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi və o gündən dünya yeni rejimlə yaşamağa başladı. Həmin çətin və qeyri-müəyyənliklərlə dolu günlərdə Mehriban xanım Əliyeva öz liderinə və xalqına qətiyyətli dəstək nümayiş etdirərək "Biz birlikdə güclüyük!" şüarını irəli sürdü və xalqın dövlətin koronavirusla mübarizə siyasəti ətrafında səfərbər olunmasın­da böyük rol oynadı. Həmin günlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımıza müraciətində çox haqlı olaraq qeyd edirdi: "Əminəm ki, müdrik xalqı­mızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik".

Koronavirusla mübarizə dövründə hörmətli Mehriban xanımın dəqiq ifadə elədiyi kimi, xalqımızın milli-mənəvi dəyərləri, humanistliyi, yardımsevərliyi bir daha önə çıxdı və bu ümumbəşəri bəla ilə mübarizədə bizə mənəvi-psixoloji dəstək oldu. Yeri gəlmişkən, pandemiyanın sərt karantin dövründə Mehriban xanımın bilavasitə rəhbərliyi altında Heydər Əliyev Fondu yüz mindən artıq ailəyə bir neçə dəfə ərzaq yardımı göstərdi.

Mehriban xanım Əliyeva Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə də birinci gündən sonuncu günə-qələbə gününədək cənab Prezidentin yanında olmuşdur.

Zəfərlərlə bitən 44 günlük sava­şımızda da hörmətli Birinci vitse-prezident Ali Baş Komandanın, ordumuzun və xalqımızın ən etibarlı məsləkdaşı oldu. Müxtəlif KİV-lərə verdiyi müsahibələrində, instaqram səhifəsində xalqımızın haqq sava­şını dünya ictimaiyyətinə çatdırdı, qəhrəman əsgərlərimizi ruhlan­dırdı, düşmən terroruna məruz qalmış mülki vətəndaşlarımıza dəstək oldu, ürək- dirək verdi, qayğı göstərilməsini təmin etdi.

Gəncə şəhəri xain düşmənin raket hücumu ilə üzləşəndə Mehriban xanımın öz instaqram səhifəsindən gəncəlilərə müraciəti təkcə Gəncə sakinlərinin deyil, bütün xalqımızın mübarizə əzmini daha da yüksəltdi. Həmin günlərdə hörmətli Mehriban xanım yazırdı: "Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! ...Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”

Torpaqlarımız 30 illik erməni işğa­lından azad edildikdən sonra müzəffər Ali Baş Komandanın o bölgələrə bütün səfərlərində Mehriban xanım həmişə cənab Prezidentin yanında olmuşdur. Erməni vandalları tərəfindən tamam dağıdılmış Ağdamın yegənə salamat tikilisi olan Cümə məscidinin ziyarəti, orada şəhidlərimizin ruhuna dualar oxunması və məscidə müqəddəs Qurani-Şərifin bağışlanması zamanı da, təkcə tariximizin deyil, həm də ruhumuzun birliyinin abidəsi olan Xudafərin körpüsünün ziyarəti zamanı da, müqəddəs Şuşamızda Novruz tonqalı qalananda da, " Xarı bülbül" festivalı keçiriləndə də, Zəngilanda ağıllı kənd layihəsinin, Fizulidə, Laçın­da aeroportların təməli qoyulanda da, 3260 metr hündürlüyündə Murovdağ zirvəsini aşıb Kəlbəcərə gedəndə də Mehriban xanım bir qoruyucu mələk kimi həyat yoldaşının – cənab Prezident İlham Əliyevin yanında olmuşdur.

Ən əlamətdar və maraqlı ola­nı budur ki, o gözəl yerləri biz ilk olaraq Mehriban xanımın telefonu­nun kamerasından, onun çəkdiyi videolardan görmüşük və cənab Prezidentin şərhini dinləmişik. Bu bir tarixdir, şərəfli günlərimizin tarixidir. Eyni zamanda, bu xalqı­mızın qəhrəman liderinin və onun ən yaxın silahdaşının–müdrik, mərd və ağıllı xanımının nəsillərə nümunə olacaq qədər ibrətamiz həyat, mübarizə, sevgi, qayğı və məsuliyyət hekayəsidir!

Doğmalığın və məhəbbətin imzası: “Sizin Mehriban”

Hər kəs yeni doğulmuş övladına ad seçərkən, sevdiyi bəyəndiyi adı seçir və bu adın övladını xöşbəxt edəcəyinə inanır. Azərbaycanın 10 milyonuncu sakininə ölkənin Birinci xanımının– Mehriban adı qoyulması, təsadüfi bir seçim deyil, xalqın bir təmsilçisi olaraq bu sadə ailənin bu ada, ad sahibinə məhəbbətinin ifadəsidir.

Eyni zamanda, artıq xeyli müddətdir ki, bu ad ölkəmizdə xeyir­xahlığın, insansevərliyin, ədalətin, xoşbəxtliyin, dostluğun, mehribanlığın sinonimi kimi qəbul edilir.

Xalqın inamı boş yerdən və bir günün içərisində qazanılmır. Xalqın inamını və sevgisini qazanmaq üçün uzun illər xalqa səmimi və faydalı xidmət göstərməlisən, sözün əməlinlə düz gəlməli, fəaliyyətin toplumun düşüncə və maraqlarını təmin etməlidir.

Mehriban xanımın çoxşaxəli fəaliyyəti layiqincə qiymətləndirilmişdir: onun çoxlu beynəlxalq və milli mü­kafatları, təltifləri, elmi ad və titulları vardır. Lakin, fikrimcə hörmətli Birinci Xanımın ən böyük mükafatı doğma xalqının ona olan sonsuz hörməti və sevgisidir!

Prezidentin köməkçisi Anar Ələkbərov Mehriban xanım haqqında məqaləsində çox doğru olaraq qeyd edir ki, – “Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb”.

Müdriklərin hansınınsa sözüdür: “Adlarına bənzəyən insanlar Tanrı­nın xoşbəxt bəndələridir”.

Həyata hər kəs bir missiya ilə gəlir, bəlkə də bu missiya onun taleyi, alın yazısıdır. Mənim fikrimcə, hörmətli Mehriban xanımın həyat missiyası humanizm və xeyirxahlıqdır. Onun bilavasitə köməkliyi ilə minlərlə insan ağır xəstəlikdən sağalıb, minlərlə insan təhsil alıb, minlərlə insan ev-eşik sahibi olub, on minlərlə insan həbsxanadan azadlığa çıxıb, minlərlə insanın tapdanmış haqqı bərpa olunub. Bu insanların sayını biz bilmirik, bəlkə heç hörmətli Mehriban xanım da xatırlamır. Lakin o insanlar bu yaxşılıqları bilirlər, unutmurlar və qiymətləndirirlər. Xalqın ən böyük qiyməti isə onun alqışı və tükənməz sevgisidir.

Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentin ünvanına gündə yüzlərlə məktub gəlir. Şikayət edən də var, ədalət axtaran da, kömək istəyən də var, minnətdarlıq bildirən də. Məktubların məzmununu bir kənara qoysaq, təkcə sayı onu göstərir ki, hörmətli Mehriban xanıma inanırlar, güvənirlər, onun köməyinə arxala­nırlar, onu sevirlər, ona hörmət və məhəbbət bəsləyirlər, öz döğmaları kimi qəbul edirlər. İnanırlar ki, Mehri­ban xanım da onları sevir, öz doğması bilir.

Sevgi əmələ çevriləndə maddiləşir, insanın taleyini dəyişir, əbədi yaşarlılıq qazanır, tarixə dönür. Bu illər ərzində Mehriban xanımın dəstəyi ilə on minlərlə insanın problemi həll olun­muş, arzusu çiçək açmış, xoşbəxtliyi təmin edilmişdir.

...İnsanın böyüklüyü sadəliyindədir, səmimiyyətindədir.

Mehriban xanım bütün fəaliyyətində səmimidir, sadədir, xoş niyyətlidir: valideyn himayəsindən məhrum əlil bir uşağı ana nəvazişi ilə qucağına alanda da, şəhid ana­sını bir doğma bacı kimi qucaqlayıb təsəlli verəndə də, dövlətdən aldığı yeni evinə köçən məcburi köçkün ailəsinin sevincini bölüşəndə də, zəlzələdən evi uçmuş yaşlı nənəni ziyarət edəndə də, dağ kəndində bir molokan ailəsinin həyətində çay süfrəsində əyləşəndə də... Belə misalları çox çəkmək olar, amma eh­tiyac yoxdur, onsuz da xalq hər şeyi görür və elin gözü tərəzidir!

Birinci vitse-prezidentin kütləvi informasiya vasitələrində xal­qa müraciətində, “İnstaqram” səhifəsində tez-tez oxuduğumuz müxtəlif məzmunlu paylaşımların sonunda həmişə bir səmimi imza var: “Sizin Mehriban”. Məktublarda, müraciətlərdə "sizin" imzası ən doğ­ma adamlara, adətən, ailə üzvlərinə münasibətdə işlədilir.

Mehriban xanımın müraciətindəki bu doğmalıq Azərbaycan vətəndaşlarına məhəbbətindən, təmənnasız sevgisindən irəli gəlir. Hər bir azərbaycanlı ailəsi hörmətli Mehriban xanımı öz doğması, ailəsinin əziz bir üzvü kimi qəbul edir.

Deyirlər ki, dərd bölündükcə azalır, sevgi paylaşıldıqca çoxalır, daha çox insanın sevincinə çevri­lir. Hörmətli Birinci xanımın “Sizin Mehriban” imzası əslində onun Azərbaycanımızın hər yerinə ev-ev paylaşılan sevgisidir. Bu sevgi hər bir vətəndaşımızın qəlbində öz qarşılığını taparaq ümumxalq məhəbbətinə çevrilir, xalqımızı müqəddəs Vətənimizin, mübarək Bayrağımızın, müzəffər Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməyə dəvət edir!

"Sizin Mehriban" imzası qəlblərdə daha xoşbəxt, daha əmin, daha firavan gələcəyin ümid çırağını şölələndirir.

Qoy bu çırağın işığı daha da güclənsin, doğma Azərbaycanımızın hər yerini nura qərq etsin!

Ulu öndər Heydər Əliyevin ocağı­nın istisi kimi, milyon illərdir yer üzünə həyat bəxş edən Günəşin təmənnasız işığı kimi!!!