YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI hesabat konfransı keçirilib

Avqustun 16-da  Yeni Azərbaycan Partiyası Astara  rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi  təsdiqləndikdən   sonra   YAP Astara   rayon  təşkilatının sədri  Firudin Əhmədov hesabat məruzəsi ilə çıxış edib. F.Əhmədov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın tarixi Zəfərindən, Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edib. O, diqqəti yeni reallıqlara uyğun olaraq 5 mart 2021-ci il tarixdə keçirilən  partiyanın  VII qurultayında  qəbul olunan qərarlara, dövlət başçısı, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqində qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, partiyanın hər bir üzvü bu vəzifələrin icrasında üzərinə düşən  məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Onlar Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin fəal təbliğatçılarıdırlar.

F.Əhmədov qeyd edib  ki, hesabat dövründə partiya sıralarına 1600 nəfər yeni üzv qəbul olunub. YAP Astara rayon təşkilatı 150 ərazi ilk partiya təşkilatında 8200 nəfərdən artıq üzvü birləşdirir.  Hazırda gənclər və qadınlar üzvlərin 50 faizini  təşkil edir. 

Sonra YAP Astara rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səfərəli Məmmədovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin  Vətən müharibəsi veteranları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Turan Həsənzadə,  YAP Astara rayon təşkilatının Şura üzvləri-rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Əliyeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür. Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə Prezidenti   İlham Əliyevin  proqram xarakterli, müasir dövrün,   44 günlük  İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks  etdirən nitqi  bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən şıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Dövlət başçısı cənab  İlham Əliyevin  “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm” fikirləri  partiyamızın dünəninin, bu gününün və gələcəyinin aydın mənzərəsini, perspektivlərini təqdim edir.

Qarşıya qoyulan vəzifələrin icrasında bütün qüvvə və bacarıqların səfərbər edilməsinin vacibliyini  xüsusi vurğulayan Ə.Tağıyev YAP Astara rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Astara  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.