YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandan qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində çox mühüm məsələlərə toxundu, qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. İlk növbədə qeyd etmək lazımdır ki, bu müsahibə də digərləri kimi istər 30 illik işğal dövrü,  istər 44 günlük Vətən Müharibəsi, istərsə də müharibə sonrasında yeni mərhələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətli və əlamətdardır. Bu, həm də ermənipərəst dairələrin anti-Azərbaycan təbliğatının – qarayaxma kampaniyasının iflasa uğradılması üçün çox önəmlidir.

Prezident İlham Əliyev müsahibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın indiki şəraitdə və qarşıdakı dövr üçün hədəflərini əhatəli şəkildə diqqətə çatdırdı. Dövlət başçısı istər sülh müqaviləsinin imzalanması, istər regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmin olunması, istərsə də təhlükəsizliyə təhdid yaradan hallara qarşı mübarizə ilə əlaqədar Azərbaycanın konkret yanaşmasını ortaya qoydu.

Ermənistan konkret mövqe ortaya qoymalıdır

Prezident İlham Əliyevin müsahibəsində də əks olunduğu kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqədar konkret mövqeyini ifadə edib. Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Lakin Ermənistan zamanında konkret mövqe ortaya qoymalı və sülh masasına gəlməlidir. Azərbaycan uzun müddət qeyri-müəyyənlik şəraitində gözləmək niyyətində deyil.

Azərbaycan regionda əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır

Digər tərəfdən, Prezident İlham Əliyev Azərbaycanın regionda çoxşaxəli işbirliyi mühitinin yaradılması və əməkdaşlığın dərinləşdirilməsi tərəfdarı olduğunu bir daha qəti şəkildə bəyan etdi. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması məsələsi Azərbaycanın siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyada Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir.  

İstənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq

Dövlətimizin başçısının sözügedən müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edilməsidir. Azərbaycan Respublikasının Prezidenti 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bütün tələblərinin yerinə yetirilməsinin mütləq olduğunu bir daha diqqətə çatdırdı. Təbii ki, “Dəmir yumruq” öz yerindədir, Azərbaycan dövləti Ermənistanın istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətinin qarşısını almaq gücündədir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. Vətən Müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

Beləliklə, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradan Azərbaycan öz hədəflərini ardıcıl olaraq uğurla gerçəkləşdirir. Bu isə həm ölkəmizin gücünün artmasını, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir.