YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ermənistandakı qeyri-azad və avtoritar rejimə, pozulan insan hüquqlarına göz yuman dairələr artıq reallıqla barışırlar

“Ermənistanda keçirilmiş son parlament seçkiləri bu ölkədəki anti-demokratik və avtoritar vəziyyəti nümayiş etdirdi. Xüsusilə də, son 2-3 ildəki vəziyyət Ermənistanda insan hüquq və azadlıqları sahəsində kritik mənzərənin formalaşdığını da isbatladı. Artıq elə bir şərait yetişib ki, bir çox hallarda Ermənistandakı qeyri-azad və avtoritar rejimə, pozulan insan hüquqlarına göz yuman dairələr artıq reallıqla  barışıblar. Artıq ABŞ Dövlət Departamenti, Avropa İttifaqı ilə yanaşı beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının hesabatlarında işğalçı ölkədəki ifadə azadlığının və sərbəst toplaşmaq hüquqlarının daha da məhdudlaşdırılması, əlillərə qarşı və gender əsaslı zorakılığın artması, korrupsiyanın baş alıb getməsi, yetərincə şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin pis vəziyyəti və başqa sahələrdəki kritik hal öz əksini tapır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hesabatlara nəzər yetirdikdə Ermənistanda bütün sahələrdə acınacaqlı durumun olduğunun şahidi olursan: “Məsələn, “Freedom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” hesabatına əsasən, Ermənistan 100 ballıq şkala üzrə 33 ballıq nəticə ilə yarıgücləndirilmiş avtoritar rejimdir, ölkədə siyasət yüksək dərəcədə qütbləşib, qeyri-müstəqil məhkəmə sistemi var. Əhalinin də əksəriyyəti məhkəmə sisteminə inanmır. “Freedom House” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə Ermənistan “qismən azad” dövlətlər sırasına yerləşdirilib. Hökumətin siyasəti insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olub. ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə əsasən isə Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq və zorakılıq qorxusu yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər, uşaq əməyinin ən pis formasının mövcud olması daxildir. Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatına görə, Ermənistanda daha çox inkişaf etməsinə ehtiyac duyulan sahələrə ayrı-seçkiliyin və nifrət nitqinin qarşısının alınması, gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsi aiddir”.

“Ermənistanda irqçilik, ayrı-seçkilik də dərinləşib və təsadüfi deyil ki, 2020-ci ildən Ermənistan cəmiyyətində antisemitizm tendensiyaları güclənib. Məhz, ötən il Yerevanda Holokost və soyqırımı abidəsi iki dəfə vandalizmə məruz qalıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bütün bu faktlar Ermənistanda insan hüquq və əsas azadlıqları sahəsində vəziyyətin daha da pisləşməkdə olduğunu təsdiqləyir.

Sədaqət Vəliyeva sual edib ki, bu günə qədər Ermənistanı “demokratik” ölkə kimi tərənnüm edən, hər dəfə Azərbaycana hücum edən, işğalçı ölkədəki kritik vəziyyəti ört-basdır edən “5-ci kolon” niyə sözügedən hesabatları ictimailəşdirməkdən yayınır? Hansı səbəbdən özünə müxalifət deyən radikal düşərgə Ermənistandakı real anti-demokratik vəziyyəti dilə gətirməyə qorxur? Azərbaycan dövlətinin ünvanına əsassız ittihamlar səsləndirmək Ermənistandakı avtokratik şəraitdən danışmaqdan daha asandırmı? Ümid edək ki, Azərbaycan ictimaiyyəti bu suallara cavabı tapacaq və “5-ci kolon” da reallıqla barışıb, həqiqətləri qəbul etmək məcburiyyətindən qalacaq.