YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaş dəstəyi: Azərbaycan və Türkiyə daim bir-birinə dayaqdır

Bu gün bəşəriyyətin çoxəsrlik tarixinin parlaq səhifələrindən birini bənzərsiz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir.

Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Sevinci və kədəri bir olan bir millətin iki dövləti

İki ölkə arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir.

Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə bu reallığı nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.

Birliyimiz daimidir, həmrəyliyimiz sarsılmazdır!

Yeri gəlmişkən, Azərbaycan dövlətinin güclü meşə yanğınlarının qarşısının alınmasında qardaş ölkəyə qətiyyətli dəstəyi şanlı tariximizin növbəti qürurverici səhifəsidir. Dövlətimizin başçısının müvafiq göstərişlərinə və tapşırıqlarına uyğun olaraq qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilir, həmin qüvvələr əzmlə, fədakarlıqla öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir - əyani ifadəsidir. Eyni zamanda, bu reallıq ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu göstərir. Təsadüfi deyil ki, Türkiyə cəmiyyətinin müxtəlif nümayəndələri öz sosial media hesablarında Azərbaycan dövlətinə və xalqına dost–qardaş dəstəyinə görə xüsusi minnətdarlıq edir, dar gündə böyük dəstəyi unutmayacaqlarını bildirirlər. Bəli, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz–həmrəylimiz heç vaxt sarsılmayacaq! Necə deyərlər, sel gedər, daş qalar, el gedər, qardaş qalar!