YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün heç bir əsas yoxdur

          “Düşünülmüş və məqsədyönlü siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycanın əsas hədəflərindən biri əldə olunan nailiyyətlərlə  kifayətlənməmək, daim irəli baxmaqdır. 30 ilə yaxın müstəqillik tarixinə malik olan ölkəmizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan  inkişaf yolunu  təhlil etdikdə  Azərbaycanın müstəqil siyasətinə, uğurlarına  daxili və xarici bədxahlarımızın siyasi qısqanclıqlarının, bundan qaynaqlanan əsassız cəhdlərinin şahidi oluruq. Məqsəd Azərbaycanın uğurlarına kölgə salmaq, beynəlxalq aləmdə qazandığı demokratik ölkə imicinə xələl gətirməkdir.  Hər dəfə bu cəhdlər  Azərbaycanın reallıqları fonunda alt-üst olsa da, çirkin niyyətlərdən irəli gələn ssenarilər davam etməkdədir. Daim irəli baxan, müstəqil siyasət yürüdən  bir ölkənin inkişafından narazılıq görüntüsü yaratmaq, onun daxili işinə müdaxilə etmək mümkünsüzdür. Azərbaycan hər zaman dövrün, zamanın tələblərini, çağırışlarını  müsbət cavablandırıb, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq edib, yeniliklərə ilk imzaları ilə diqqətdə olub. Bu baxımdan bu gün bəzi siyasi dairələrin parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin və referendumun keçirilməsi ilə bağlı səsləndirdikləri fikirlər qərəzli və çirkin məqsədlərə xidmət edən addımlardır.” Bu fikirləri  Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

  Millət vəkili diqqəti 2020-ci il 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinə yönəldərək qeyd edib  ki, o zaman ölkədə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması üçün  ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ölkə ictimaiyyəti bu təşəbbüsü yüksək dəyərləndirdi. Bu baxımdan ki, belə mütərəqqi  addımın atılmasına ehtiyac var idi. Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Bu gün isə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün heç bir əsas yoxdur.

    M.Məmmədov yeni formalaşan parlamentin fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycan hazırda parlament diplomatiyasının yaratdığı imkanlardan yüksək səviyyədə bəhrələnir: “Parlamentlərarası əlaqələrin inkişafı məqsədilə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın  ötən ilyarım ərzində xarici ölkələrə səfərlərinə, səfər çərçivəsində keçirdiyi görüşlərə və müzakirə olunan məsələlərə diqqət yetirmək kifayətdir. Parlament qanunverici orqan olaraq ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açan yeni, təkmil qanunların qəbuluna nail olmaqla yanaşı, ölkələr arasında əlaqələrin inkişafına töhfələrini də davamlı edib və gələcəyə xidmət edən təşəbbüsləri ilə diqqətdədir.  Parlament sədrləri səviyyəsində əməkdaşlıq platformasının təqdim edilməsi yüksək dəyərləndirilir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizdə bir araya gələrək toplantılarını keçirmələri və sonda Bakı Bəyannaməsinin qəbul olunması qarşıdakı dövrdə görüləcək işlərin  aydın mənzərəsini yaradır. Bu birlik, həmrəylik qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşıya  həllivacib məsələlər  qoymuşdur. Yeni parlament Sahibə xanım Qafarovanın rəhbərliyi ilə bu vəzifələrin yüksək səviyyədə icrası istiqamətində  davamlı addımlar atır. Xalqın parlamentdə təmsilçiləri olan millət vəkilləri ilə seçicilər arasında birlik, səmimiyyət də təqdir olunan məqamlar sırasındadır.”

     “Ölkəmiz hazırda tarixi Zəfərimizin yaratdığı yeni reallıqların gerçəkləşməsi üçün zəruri olan işləri görür. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Hər bir qurum bu işlərin zamanında başa çatdırılması, soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə səy göstərir. Belə bir dövrdə parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin və referendumun keçirilməsi  kimi reallıqla ziddiyyət təşkil edən məsələlərin gündəmə gətirilməsi həmin dairələrin çirkin niyyətlərini açıqlayır, onların növbəti təxribatıdır”,- deyə Məşhur Məmmədov bildirib.