YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib

İyulun 30-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti  seminar keçirilib.

Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin  mövzunun aktuallığından bəhs edib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət  Simfonik Orkestrinin dirijoru Fuad İbrahimov  Azərbaycan gənclərinin milli ruhda formalaşmasından, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsindən, tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə bağlılıqlarından   bəhs edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin “Xalqlar bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”  tezisini diqqətə çatdırıb.

F.İbrahimov  bildirib ki, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir: “Xalqımız zəngin mədəniyyətə malikdir. Son 17 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin, mili-mənəvi dəyərlərimizin qorunması və inkişafı, ən əsası gənclərimizin milli ruhda tərbiyəsi istiqamətində atdıqları addımlar davamlılığı ilə diqqət çəkir. Milli mədəniyyətimizin, musiqimizin  inkişafına, təbliğinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir. Muğam sənətinin inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Mehriban Əliyevanın qeyd etdiyi kimi,  muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır”.

F.İbrahimov, həmçinin vurğulayıb ki,  harada yaşamağımızdan  asılı olmayaraq hər birimiz  tariximizi, mili-mənəvi dəyərlərimizi qorumalı, inkişaf etdirməli, gələcək nəsillərə çatdırmalıyıq.

Diqqəti  böyük qürur hissi ilə Şuşada  keçirilmiş “Xarıbülbül” musiqi festivalına yönəldən məruzəçi bu unikal musiqi bayramında çıxışından  məmnunluğunu ifadə edib. Bildirib ki, bu festival dünyaya mesaj oldu:  “Festivalın birinci günü müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı Azərbaycanın  tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olduğunu bir daha  dünyaya çatdırdı. Şuşamızın mədəniyyət paytaxtı elan edilməsi,  "Xarıbülbül" musiqi festivalının keçirilməsi ənənəsinin bərpası, Cıdır düzündən muğamlarımızın səslənməsi, əlbəttə ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda  böyük qürur hissi yaradır. Zəfərimiz qürurumuzdur”.  

Daha sonra gənclərin çoxsaylı suallarını cavablandırılıb.