YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: 1969-1982-ci illərdə Azərbaycan bütün sahələr üzrə çox böyük uğurlar qazanmışdı

        “1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin il iyulun 14-də ilk dəfə respublikada siyasi hakimiyyətə gəlmiş Heydər Əliyevin həyata keçirdiyi ağıllı və uzaqgörən siyasət nəticəsində az müddət sonra sənayesi sürətlə inkişaf edən, elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Məhz bu səbəbdən də 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı  həlledici rolu ilə daim xatırlanır”. Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.

        O, demişdir ki, müstəqilliyi əldə etmək üçün hər bir ölkəyə, ilk növbədə, möhkəm iqtisadi təməl tələb olunur. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi potensialına görə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi.

       Ölkəmizin potensial imkanları yetərincə olsa da, təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan karbohidrogen ehtiyatları başqa ölkələrin mənafeyinə xidmət edirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçmiş, ölkədə işsizlərin sayı artmış, gənc əhalinin bir qismi iş dalınca İttifaqın müxtəlif şəhərlərinə üz tutmuşdu.

         Millət vəkilinin fikrincə, 1969-cu ilin 14 iyulundan sonra hər şey tədricən dəyişdi. Azərbaycanda respublika rəhbərliyinə gələn Ulu Öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin inkişafı üçün bacarıqla istifadə etməyə başladı. Məhz həmin illərdə Azərbaycan xalqının rifahının yüksəlişi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi olan Heydər Əliyev İttifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir. Həmin illərdə Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspertlər təsdiq edir ki, o dövrdə ölkə bütün istiqamətlər üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Ötən əsrin 70-ci illərində Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilib. Diqqətəlayiq  haldır ki, 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.

        Kamaləddin Qafarov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin intibah dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

        Millət vəkili xüsusi vurğulamışdır ki, Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, Mərkəzi İttifaq rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi.1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapmışdır. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ötən il il zəfərlə başa çatmış 44 günlük Vətən Müharibəsinin ən önəmli səbəblərindən biri olmuşdur.

       Şübhəsiz, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın arzusu və istəyi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, 1969-cu ildə əsası qoyulmuş iqtisadi və siyasi yüksəliş tempinin, ağıllı daxili və xarici siyasət xəttinin  davam etdirilməsinin məntiqi nəticəsi idi.