YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bu il Azərbaycan xalqı Qurban bayramını fərqli mühitdə qeyd edəcək

“Bu il Azərbaycan xalqı Qurban bayramını fərqli ab-havada, mühitdə qeyd edəcək. Artıq xalqımız Zəfər, Qələbə qazanmış, ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları kimi Qurban bayramını yüksək əhval-ruhiyyədə keçirəcək. Çünki hər bir azərbaycanlı ötən illər ərzində hər Qurban bayramında torpaqlarımızın azad olunması ilə bağlı etdiyi arzu və niyyətlərinin yerinə yetdiyinin şahididir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər: “Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Bu mənada, Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir: “Həm də bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Hər kəsin xatirindədir ki, Ümummilli Liderimiz Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik edib. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edib”.

“Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş edib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.