YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsinin Şuşaya səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Şuşaya təşkil olunan səfəri iyulun 10-da başa çatıb.

Diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşada son dayanacağı Cıdır düzü olub. Səfər iştirakçıları Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər. Burada onlar üçün çay dəsgahı təşkil olunub.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri iyulun 9-da Füzulidə beynəlxalq hava limanının tikinti işlərinin gedişi və “Füzuli” yarımstansiyası ilə tanış olublar.

Şuşada isə onlar Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində, tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə və qədim Mərdinli məhəlləsində olub, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edib, Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baxış keçirib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri barədə məlumatlandırılıblar.

Səfər zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə görüb, Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumat alıblar.