YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanda çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran diplomatik korpusumuz mövcuddur

“Diplomatiya milli gücün beyni hesab olunur. Milli gücün kəmiyyətlə keyfiyyət komponentlərinin məcmusu və o potensialın gücə çevrilməsi məhz diplomatiya ilə əlaqədardır. Diplomatiya həm də mümkün olmayanı mümkünetmə sənəti adlandırılır. Buna görə də dövlətlərarası münasibətlərdə diplomatiya çox mühüm bir peşə kimi beynəlxalq nizamın keyfiyyətini təyin edən bir vasitədir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, Azərbaycanda da çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, diplomatik müstəvidə ideya və fikir istehsal etməyi bacaran, xalqımızın, dövlətimizin diplomatiya sahəsində maraqlarını çox səmərəli şəkildə realizə etməyi bilən çoxsaylı diplomatik korpusumuz mövcuddur. Diplomatiya institutu, şübhəsiz ki, hər bir ölkənin siyasi sistemi və onun müəyyənləşdirdiyi xarici siyasət strategiyası ilə üzvi şəkildə bağlıdır.

Deputat qeyd edib ki. milli maraqlarımıza söykənən, universal və tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsində milli diplomatlarımızın çox böyük rolu var: “Diplomatiyanın keyfiyyəti isə xalqı milli məqsədlərə çatdıran vasitə kimi çıxış etməkdədir. Ona görə də diplomatlar üçün xüsusi bir günün ayrılması, onların peşə bayramının qeyd olunması da təqdirəlayiq haldır. Əgər beynəlxalq nizamı xalqların mübarizə platforması kimi qiymətləndirsək, onda qeyd edə bilərik ki, diplomatik cəbhədə Azərbaycan adından savaşan məhz bizim diplomatlarımızdır. Bu işdə onların hər birinə uğurlar arzu edir, Azərbaycan diplomatiya institutunun daha da inkişaf etməsini və xalqımıza daha çox mənfəətlər gətirməsini diləyirik”.