YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi rayonların yeni bölgüsü haqqında imzalanmiş fərman cənab İlham Əliyevin tarixi və siyasi uzaqgörəliyinin daha bir nümunəsidir

Əli Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2021-ci il tarixli Fərmanı ikinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqlar fonunda böyük tarixi və siyasi əhəmiyyətə malik hüquqi aktdır.

Bildiyiniz kimi ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra - 1991-ci ildən bu zamanadək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramıları 10 iqtisadi rayon üzrə həyata keçirilirdi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşən Ağdam və və Füzuli rayonlarının bir hissəsi, keçmiş Dağlıq Qarabağ ərazisinə daxil olan ərazilər və Cəbrayıl, Zəngilan, Qubadlı, laçın, Kəlbəcər rayonları məlum səbəblərə görə bu proqramların təsir dairəsindən kənarda qalmışdılar. Buna baxmayaraq,  ötən müddə ərzində digər şəhər və rayonların davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin sosial-iqtisadi potensialı və  əhalinin, o cümlədən hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatələnən qaçqın və məcburi köçkün ailələrinin rifah halı köklü şəkildə yüksəlmişdir.

Ardıcıl olaraq bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirməklə 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasını şərtləndirən amilə çevrilmişdir.

Hazırda şğaldan azad edilmiş ərazilərin bərpası və  ən yeni, müasir standartlar və texnologiyalar əsasında hərtərəfli inkişafının təmin olunması, habelə əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməkdədir. Bu fəaliyyət Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi olaraq onun tarixi təşəbbüslərindən qaynaqlanır. Sözügedən Fərmanın imzalanması da bu istiqamətdə atılan addımların ardıcıllığını təsdiq etməklə yanaşı, yeni reallıqların tələblərindən irəli gələn zərurətlə bağlıdır. Sənədin preambulasında deyilir ki, əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması  bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi ilə şərtlənir.

Artıq 14 iqtisadi rayondan ibarət formalaşdırılmış yeni iqtisadi ərazi bölgüsündə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını birləşdirən Qarabağ və xüsusilə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonlarının  bu siyahıda yer alması, deyərdim ki, sənədin ən diqqətçəkən müddəalarıdır. Belə ki, tarix boyu Azərbaycan dövlətinin coğrafiyasına daxil olan bu toponimlərin dövlət quruculuğuna dair hüquqi sənədlərdə əks olunması göstərilən məkanların hüquqi baxımdan Azərbaycana məxsusluğu barədə tarixi faktların və əsasların daha da möhkəmləndirilməsinə xidmət edir. Digər tərəfdən, təbliğat baxımından bu sənəd xalqımızın gen və qan yaddaşına hopmuş Qarabağ və Zəngəzur kimi coğrafi ərazilərin tarixi barədə dünya ictimaiyyətinin təsəvvürlərinin doğru-düzgün formalaşmasına sanballı töhvə kimi dəyərləndirilməlidir. Fərmanda tarixi faktlara istinadən göstərilir ki, “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir”.

Eyni zamanda Qarabağ iqtisadi rayonunun da yaradılmasının zəruriliyi əsaslandıran arqumentlər də sənəddə öz əksini tapmışdır:“Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”.

Heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərin də əhatə olunması ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkə üzrə bütövlükdə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına sürətli  reinteqrasiyasını təmin edəcəkdir.

İqtisadi rayonların yeni bölgüsü haqqında AzərbaycanRespublikası Prezidentinin 7 iyun 2021-ci il tarixli Fərmanı eyni zamanda cənab İlham Əliyevin tarixi və siyasi uzaqgörənliyinin daha bir nümunəsi kimi dəyərləndirilməlidir. Düşünürəm ki, bu hüquqi akt Azərbaycanın Qarabağ Zəfərini rəsmiləşdirmiş 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur və onun maneəsiz reallaşdırılmasına ciddi təkan verəcəkdir.