YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Bu barədə BMT-nin Bakı ofisindən məlumat verilib.

Bildirilib ki, V.Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva, eyni zamanda, təşkilatın həmin ölkədəki İdarə Heyətinin COVID-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə məsul qrupuna başçılıq edib. O, həmçinin dəlillərə və insan hüquqlarına əsaslanan, eləcə də gender məsələlərinə dair proqramların icrasını gücləndirmək üçün UNAİDS-in Asiya-Sakit Okean regional ofisində strateji müdaxilə üzrə müşavir, UNAİDS-in Vyetnamdakı nümayəndəliyində monitorinq və qiymətləndirmə komandasının rəhbəri, BMT-nin İnkişaf Proqramında (BMTİP) Avropa və MDB ölkələri üzrə müşavir, habelə BMT-nin Şimali Makedoniyadakı rezident əlaqələndiricisinin müşaviri olub. Bundan əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Humanitar Fəaliyyətlərin Əlaqələndirilməsi Ofisində (OCHA) çalışıb.

BMT-dən əvvəl “Pharmaciens Sans Frontières” qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara göstərilən humanitar yardımları əlaqələndirib.

Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış Vladanka Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.