YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə Prezidentinin siyasi iradəsinə bağlı iqtisadi təşəbbüslərin reallaşması Azərbaycana böyük dividentlər vəd edir

Əli Hüseynli

Milli Məclisin deputatı

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülmüşdür. Dövlətimizin başçısı Azərbaycanda çox gözəl sərmayə iqliminin formalaşdığını vurğulayaraq Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə layiq görülməsini və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyin  dünya miqyasında çox böyük nailiyyət kimi dəyərləndirmişdir: “Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir”.

İyulun 1-də Ələt Azad İqtisadi Zonasının açılışı da bu qisimdən olan layihələr sırasındadır. Təməlqoyma mərasimində iştirak edən dövlət basşçısı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə geniş açıqlamalar vermişdir.

Məlumat üçün qeyd edək ki, ölkə Prezidentinin Ələt Azad İqtisadi Zonası haqqında qanunvericilik təşəbbüsünü dəstəkləyən Milli Məclis 18 may 2018-ci ildə müvafiq Qanun qəbul etmişdir. Cənab İlham Əliyev öz müsahibəsində ”Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı”-söyləməklə. bu sənədin həm siyasi, həm də iqtisadi əhəmiyyətinə xüsusi diqqət yönəltmişdir. Ötən qısa müddət ərzində ümumi sahəsi 850 hektar olan Zonanın 60 hektarında layihələndirilmə başa çatmış, inşaat işlərinə başlanmış, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılmışdır.

Belə məkanların yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. Əsas hədəflərdən biri də innovativ texnologiyalardan istifadə edən investorları cəlb etmək, onların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaqdır.

Göründüyü kimi, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinlikləri də Azərbaycanda Vətən müharibəsindəki Böyük Zəfərin yaratdığı yeni reallıqlar fonunda daha da vüsət almış bu proseslərə mane ola bilmir. Cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcəyi, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracağı barədə qənaətini bölüşmüşdür: ”…bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək”.

Bütün bunlar onu deməyə əsas verir ki, son illər ərzində Azərbaycanda siyasi və ictimai sabitliyin, etibarlı təhlükəsizlik mühitinin bərqərar olması, mədəniyyətlərarası dialoqun, dini tolerantlıq məsələlərinin ən yüksək səviyyədə təzahür etməsi, sözlə əməlin vəhdətinin mövcudluğu, çox güclü kadr potensialının formalaşması sərmayə qoyuluşu baxımından Azərbaycanı cəlbedici ölkəyə çevirmişdir. Bu isə öz növbəsində ölkəmizə çox böyük siyasi və iqtisadi dividentlər vəd edir.