YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ənvər Haqverdiyev: Azərbaycan post-pandemiya və post-müharibə inkişaf mərhələsinə qədəm qoyub

“2020-ci ildə bütün dünya bir “cəbhədə” mübarizə apararkən xalqımız, dövlətimiz və rəhbərimiz iki tərəfli mübarizə apardı. Biz müharibənin birindən qalib xalq kimi çıxmağı, öz qürurumuzu və ərazi bütövlüyümüzü bərpa etməyi bacarmışıq. Koronavirusla mübarizə sahəsində isə biz ən az xəsarətlə qalib gəlməyi bacaracağıq. Xalqımız ümummilli məsələlərdə monolit şəkildə bir yumruq ətrafında birləşməyi bacardığını bir daha bütün dünyaya göstərəcəkdir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında siyasi şərhçi Ənvər Haqverdiyev deyib.

O vurğulayıb ki, gündəm artıq nə pandemiya, nə də müharibədir: “Biz post-pandemiya və post-müharibə inkişaf mərhələsinə qədəm qoymuşuq. Qarabağ böyük bir inşaat sahəsini xatırladır. Buna görə də ölkəyə yeni gəlir mənbələri, yeni inkişaf sahələri, xarici investisiyalar gətirmək lazımdır. Beynəlxalq idman yarışları, Formula 1 və Avropa Futbol Çempionatının dörd oyununun Bakımızda keçirilməsi bizim müharibədən sonrakı inkişafa meyilli olduğumuzu bütün dünyaya nümayiş etdirəcək. Biz təhlükəsiz və təşkilatçılıq qabiliyyəti yüksək olan bir dövlət kimi istər idman yarışlarının, mədəni tədbirlərin, istərsə də müxtəlif formatlı iqtisadi, siyasi görüşlərin, konfransların ölkəmizdə keçirilməsinin tərəfdarıyıq. Biz eyni zamanda da beynəlxalq tədbirlər vasitəsi ilə Qarabağ Zəfərini və işğal həqiqətlərini dünyaya asanlıqla təqdim edə bilərik”.

“Formula 1 yarışları dünyada təxminən yarım milyard insanın izlədiyi bir idman yarışıdır. Bu, bizim ölkəmizin, şəhərimizin reklam dəyərini artıracaq amildir. Turizmin inkişafını hədəflədiyimiz bu günlərdə şəhərimizin reklam dəyərinin artması ölkəmizə çox sayda əcnəbi qonaqların gəlməyinə də səbəb ola bilər. Bu məsələyə sadəcə gəlir mənbəyi kimi baxmaq da doğru olmaz. Bu, həm də siyasi məsələdir. Ölkəmizin müharibədən sonra ziyarət edilməsi, turistlərin Hərbi Qənimətlər parkında olma ehtimalları bizim qalib xalq kimi əldə etdiyimiz zəfərimizin tarix və dünya ictimaiyyəti qarşısında dəyərini daha da artıracaq”.