YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Qlobal güc mərkəzləri Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirlər

   “İki qlobal güc mərkəzinin- Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin eyni gündə dövlətimizin başçısı İlham Əliyevlə telefon söhbəti zamanı səsləndirdikləri  fikirlər  Azərbaycanın  müstəqil siyasətinin, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan  mövqeyinin təqdimatında mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən ötən 7 aya yaxın dövrdə cərəyan edən proseslərə diqqət yetirsək Azərbaycana inam və etimadın daha da artdığını görərik. Ümumilikdə Vətən müharibəsində Zəfərimizin yaratdığı yeni reallıqlar yeni əməkdaşlıq formatlarını gündəmə gətirdi ki, onların gerçəkləşməsində  ölkəmizin  nə qədər maraqlı olduğu atdığı addımlardan  özünü qabarıq şəkildə büruzə verir.  Azərbaycan Ermənistanın da bu əməkdaşlıqda təmsil olunmasını, yeni səhifənin açılmasını istəyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz  Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazırdır, lakin qarşı tərəf hələ də bu çağırışa cavab verməyib.

     Hadisələrin müqayisəli təhlili fonunda bu reallıq bir daha diqqəti  çəkir ki, Azərbaycanın güclənən mövqeyi, artan nüfuzu fonunda Ermənistan yenə də zəifliyi, himayədarlarından asılılığı ilə diqqətdədir. Belə ki,  Ermənistanın baş naziri  Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri bir çox məqamlara aydınlıq gətirir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki, Azərbaycanın iqtisadi müstəqilliyi siyasi çəkisinin artmasında əsas amillərdəndir: “Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır.  Əsas hədəflərindən biri müasir infrastruktur yaratmaq  olan Azərbaycanın  reallaşdırdığı enerji layihələri ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, hazırda isə Zəngəzur dəhlizi ilə bağlı atılan  addımlar günümüzün reallıqları sırasındadır. Hər bir layihə region ölkələrinin maraqlarına,  iqtisadi əlaqələrinin inkişafına  böyük töhfədir.   Azərbaycan bu layihələri həyata keçirməklə Çin hökumətinin  “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini əməli fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir.  Çin Xalq Respublikasının Sədri Si Cinpin  cənab İlham Əliyevlə telefon söhbətində də bu əminliyi ifadə etmişdir ki,  Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır və  hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır.  O, həmçinin  Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.”

    Millət vəkili diqqəti Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də yönəldərək bildirib ki, ölkəmizin  qurumla əməkdaşlığı yüksələn xətlə inkişaf edir: “Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi  ölkəmizin  etibarlı tərəfdaş kimi qəbul olunmasının təsdiqidir. Avropa İttifaqı Şurasının prezidenti telefon söhbəti zamanı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir.”

  Avropa İttifaqının balanslı siyasətindən, həmçinin  quruma üzv dövlətlərdən Fransanın bu balansı pozaraq Ermənistana dəstək missiyasını yerinə yetirməsindən bəhs edən Malik Həsənov  Fransanın hazırda da ermənipərəst mövqe nümayiş etdirdiyini, ATƏT-in Minsk qrupunun həmsədri  kimi neytrallığı qorumadığını,  ədaləti maraqlarının arxasında gizlətdiyini bildirib: “Nikol Paşinyanla görüşündə Ermənistana dəstək olaraq “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” fikrini səsləndirən Fransa Prezidenti Makron görünür Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə keçdiyi tarix, hüquq dərslərindən  bəhrələnməyib.   Azərbaycan hec kimin torpağını işğal etməyib. Öz torpaqlarını azad, ərazi bütövlüyünü bərpa etmək üçün 30 ilə yaxın dövrdə səylər göstərib. 44 günlük Vətən müharibəsi bu istəyi reallaşdırdı, ədaləti bərpa etdi. Dünyanın güc mərkəzlərindən Azərbaycana gələn dəstək, ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsinə ifadə olunan istəklər işğalçı Ermənistanı məyus edir.  Xarici ekspertlər də   Makronun bu  mövqeyini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirərək bildirirlər ki, o,  sərsəm bəyanatları ilə seçkilərdə Fransanın erməni mənşəli vətəndaşlarının səsini qazanmağa çalışır.”

  Millət vəkili  düşünülmüş siyasətin hər günümüzü  tarixə uğur səhifəsi kimi yazdığını önə çəkərək bildirib ki, Azərbaycana, möhtərəm Prezidentimiz İlham Əliyevə dəstək, inam Ermənistanı və ona havadarlıq edənləri nə qədər məyus edirsə, bir o qədər də ciddi düşündürməli, yeni reallıqlarla barışıb bölgədə sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə töhfələr  verməlidirlər.


 

DİGƏR Xəbərlər Arxiv