YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı və Çinin strateji tərəfdaşıdır

«Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada  mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Bunu təkcə iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər bir daha təsdiq edir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə telefon söhbəti  ölkəmizin  regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycanın  500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında  mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, Çinlə əlaqələrimizin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin gələcəyə hesablanmış siyasətinin uğurlarından irəli gəlir.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, yeni dünya düzənində  aparıcı qüvvələrdən biri kimi Çin Xalq Respublikası ilə  Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulur: «2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin  yaradılmasının 30  illiyi qeyd ediləcəkdir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə ölkələrimiz arasında  əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoqun cənab  İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada,  yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərinə əsaslandığını təsdiqləyir. Azərbaycan Çinin 2013-cü ildə  irəli sürdüyü  «Bir kəmər, bir yol» layihəsini ilk dəstəkləyən dövlətlərdən olmaqla bunu  əməli fəaliyyəti ilə  sübut etdi. Məsələyə bu kontekstdən yanaşdıqda deyə bilərik ki,   dövlətimizin başçısı İlham Əliyevin  2019-cu ildə “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etməsi əlaqələrin inkişafına böyük töhfə oldu.  Xüsusilə təqdirəlayiq haldır ki,  Azərbaycan və Çin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.  Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.»

Baş redaktor bildirib ki, ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla  təkcə   mühüm nəqliyyat mərkəzinə çevrilmədi, həmçinin  Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfələr verməkdə davam edir:  «Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin  “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etməyə   dəvət olunması  ölkəmizə xüsusi diqqətin,  xalqlarımızın dostluğunun təsdiqi kimi  dəyərləndirilərək  qeyd edilir ki,   birgə səylər əsasında  əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir.»

V.Rəhimzadə  Çin şirkətlərinin Azərbaycana investisiya marağından  da bəhs edərək bildirib ki, bu,  güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir: «Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya axınını sürətləndirir.  Azərbaycanda  Çin şirkətlərinin fəaliyyəti, «Huawey» şirkətinin işğaldan azad olunmuş ərazilərdə mühüm layihələr icra etməsi təqdirəlayiq addımdır.»

Baş redaktor COVID-19 pandemiyası dövründə Çinin Azərbaycana dəstəyini, dünyada vaksin çatışmazlığı şəraitində Azərbaycanın Çindən vaksin idxal etməsini və ilk ölkələr sırasında vaksinasiya həyata keçirməyə başlamasını, çinli mütəxəssislərin Azərbaycana gəlməsini və pandemiya ilə mübarizəyə dəstək göstərmələrini  də xüsusi vurğulayıb.

V.Rəhimzadə,  həmçinin diqqəti  Azərbaycan-Avropa İttifaqı əlaqələrinə yönəldərək bildirib ki, qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir.  Avropa İttifaqına  üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq  sənədi və bəyannamələr imzalayıb.

«Avropa İttifaqı Şurasının prezidenti Şarl  Mişel ilə dövlətimizin başçısı İlham Əliyev arasında telefon söhbətində Azərbaycanın  istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də  regionda və dünyada sülhün, əmin-amanlığın  möhkəmləndirilməsində  rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir» söyləyən V.Rəhimzadə bu ümumiləşdirməni edib ki,  iki nəhəng  beynəlxalq güc mərkəzi ilə eyni  günə təsadüf edən belə  yüksək dəyərləndirməni özündə əks etdirən təmaslar Cənubi Qafqaz-Avropa İttifaqı və Cənubi Qafqaz-Çin əməkdaşlıq modelləri ətrafında müzakirələrin aparılmasını aktuallaşdırır. Möhtərəm Prezidentimiz  İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi  müzakirələrdə qeyd etdiyi kimi, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Vaxt gələcək  sözün əsl mənasında, Cənubi Qafqazda belə bir fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.