YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

“Azərbaycan koronavirus pandemiyasə ilə mübarizədə dünyanın ən öndə gedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafisəinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. Həmçinin, ölkəmiz pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə də çıxış edib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə çərçivəsində gördüyü işlər, eləcə də beynəlxalq müstəvidə təşəbbüsləri diqqətə çatdırılıb.   Dövlət başçısının dediyi kimi, pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir: “Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Bu baxımdan, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.

“Pandemiya ilə mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, bu müstəvidə təşkilat Azərbaycanı nümunəvi ölkə hesab edir. Eyni zamanda,  Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi verib. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar, ölkəmizin pandemiyaya qarşı qlobal mübarizədə verdiyi töhfələrin nümunəsidir”,-deyə deputat vurğulayıb.