YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərinin azad olunması ilə bağlı çağırışına münasibət bildirib.

Leyla Abdullayeva bununla bağlı deyib: “Fransa və Kanada Xarici İşlər nazirliklərinin rəsmi tviter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir.

Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirləri qarşı tərəfə təhvil vermişdi. Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən çox erməni əsir qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-1994-cü illərdəki müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks-təqdirdə, bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.

 

DİGƏR Xəbərlər Arxiv