YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Kərimli: Azərbaycan Ordusu erməni faşizmini məhv etməklə bütün bəşəriyyət qarşısında mühüm bir tarixi missiyanı yerinə yetirib

“Bəşər tarixində baş vermiş müharibə cinayətlərinin, vandalizm aktlarının ən amansızları Azərbaycan ərazilərində həyata keçirilib və Ermənistanın, bütövlükdə isə erməniliyin nə qədər dəhşətli, təhlükəli bir faşizm xəstəliyinə yoluxduğunu görmək üçün Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrindən birinə səfər etmək yetərlidir”. Bu fikirləri Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı  Azər Kərimli deyib.

Azər Kərimli bildirib ki, nifrət və kin üzərində formalaşan neofaşist erməni düşüncəsi təkcə Azərbaycan və digər bölgə xalqları üçün deyil, bütün bəşəriyyət üçün təhlükəlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində haqlı olaraq, erməni faşizminin bütün ölkələrdə mövcud olmuş faşizmlərin ən eybəcəri, ən qəddarı olduğunu bildirdi. Sözün bütün mənalarında, erməni faşizminin bəşər tarixində bənzəri yoxdur. Çünki başqa bir xalqın, yaxud xalqların torpaqlarını işğal edən, ultramillətçi, faşist ideyalarıyla “silahlanmış” dövlətlər ən azından işğal etdikləri ərazilərdəki yaşayış üçün yararlı olan tikililəri, infrastrukturu məhv etməyiblər. Tarixi, yaxud dini abidələrin təyinatını dəyişiblər, ancaq onları Yer üzündən silməyiblər.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ordusu erməni faşizmini məhv etməklə Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət qarşısında mühüm bir tarixi missiyanı yerinə yetirib. Məhz bu səbəbdən, Azərbaycan heç zaman erməni faşizminin yenidən dirçəldilməsinə və yenidən bölgə xalqları üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. Əgər belə bir  təhlükə yaranarsa, o zaman “Dəmir Yumruq” yenidən faşizmin başını əzərək öz tarixi missiyasını davam etdirəcək. 

Deputat qeyd edib ki, Hərbi Qənimətlər Parkının yaradılmasında əsas məqsəd faşizmin aqibətinin bütün dünyaya nümayiş etdirilməsi, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin unudulmamasıdır: “Biz gələcəyə baxacağıq, çünki böyük bir mədəniyyətin daşıyıcılarıyıq, dünyanın sivil, yüksək humanizm dəyərlərinə sahib olan bir xalqının nümayəndələriyik. Amma ermənilərin törətdiyi bəşəri cinayətləri, soyqırım aktlarını, vəhşilikləri heç zaman bağışlamayacağıq”.