YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda vandalizm törədib. Ermənilər həmin ərazilərdə bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Tarixi-mədəni və dini abidələrimiz də erməni vəhşiliyinə məruz qalıb.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısının dediyi kimi, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini görməsini istəyirik.

Qeyd edib ki, ermənilər tərəfindən 70-ə yaxın məscidimiz terrora məruz qalıb. Onun sözlərinə görə, dövlətimiz tərəfindən Ermənistan törədilən bu cinayətlər dünya ictimaiyyətinə çatdırılır. Belə ki, bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif təşkilatların üzvlərinin səfərlərinin təşkil olunması da təqdirəlayiq haldır.

Sevinc Fətəliyevanın sözlərinə görə, bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin ölkəmizə səfəri çərçivəsində Gəncə və Ağdam şəhərlərində erməni vəhşiliyi ilə yerində tanış olmaları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Səfər zamanı müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular. Ona görə də, bu səfərin siyasi əhəmiyyəti böyükdür. Məlumdur ki, ötən dövr ərzində İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini pisləyən qətnamələr qəbul edib. Eləcə də İƏT Parlament İttifaqı Xocalı soyqırımını tanıyıb. Hesab edirəm ki, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmi dünya ictimaiyyətinə çatdırmaq üçün İƏT mühüm beynəlxalq platformadır. Ermənistanın xarici siyasətində bir çox müsəlman ölkələri ilə əməkdaşlıq da yer alır. Amma düşünürəm ki, müsəlman ölkələri Ermənistanın islamofob siyasət həyata keçirməsini nəzərə almalıdır. Zəngilan işğaldan azad olunan zaman bütün dünya məsciddə ermənilərin donuz saxladığının şahid oldu. Ona görə də, müsəlman ölkələri Ermənistanla münasibətlərdə bu faktları nəzərə almalıdır. Çünki Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır”.