YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksəksəviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özoralın rolunu məmnunluqla qeyd edərək, bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin, eyni zamanda, səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özoralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Erkan Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə ölkəmizdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib, diplomatik fəaliyyəti dövründə ona göstərilən yüksək diqqətə və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. Ölkələrimiz arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın təkcə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Nazir Ceyhun Bayramov Erkan Özoralın növbəti vəzifəsinin də öhdəsindən yüksək peşəkarlıqla gələcəyindən əminliyini ifadə edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.