YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı kimi tariximizə yazıldı

Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünu, qüdrətini bir daha nümayiş etdirdi.

         Bu barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə  açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan xalqının birliyinin, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşləri bir daha bütün dünyaya ölkəmizin qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etmişdi. Azərbaycan Ordusu 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşcülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusunun sücayəti qarşısında düşmən öz məqsədlərinə nail ola bilmədi. Onların planları baş tutmadı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı.

         Millət vəkili deyib ki,  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar işğalçı Ermənistan rəhbərliyinin iç üzünü beynəlxalq ictimaiyyətə tanıdıb.Ermənistanın işğalçı siyasəti isə dövlətini, xalqını çətin vəziyyətə saldı, ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı. Dövlət başçımızın Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi.

Üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağı gün uzaqda deyildi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Dağlıq Qarabağ ölkəmizin ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq". Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel hadisələri bir daha bütün dünyaya Azərbaycanın qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etdi. Və tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində qeyd edir: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq”