YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Xocalı faciəsi bəşər tarixinin ən faciəli səhifələrindən biri kimi hər il ölkəmizdə və onun hüdudlarından kənarda anılır

“1992-ci il fevralın 26-sı Azərbaycanın yeni tarixinə qara hərflərlə yazılıb. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi cinayətlər arasında Xocalı soyqırımı öz xarakteri və dəhşətli amansızlığı ilə seçilir. Ermənilər dinc əhaliyə qarşı amansız şiddət tətbiq edirdilər. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin 77 dinc sakini öldürüldü. Çəmənli, Malıbəyli, Kərkicahan və Meşəli kəndlərində azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədildi”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən faciəli səhifələrindən biri kimi hər il ölkəmizdə və onun hüdudlarından kənarda anılır. XX əsrin sonunda törədilən bu faciə bütövlükdə insanlığa qarşı ən qanlı cinayətdir. Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalar, ümumdünya qanunları, Xocalı faciəsinə bənzər soyqırımı aktlarını pisləyir, dözümsüzlüklərini elan edir.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu soyqırımı ilə bağlı bütün həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılır. Nəticədə müxtəlif ölkələr bu faciəyə beynəlxalq hüquqi qiymət verirlər. Bunun nəticəsidir ki, hazırda 17 ölkə, o cümlədən ABŞ-ın 20-dən çox ştatı, Xocalıda mülki insanlara qarşı qırğınları pisləyən və onu törədənləri cinayətkar kimi qiymətləndirən qətnamə və digər sənədlər qəbul ediblər. Qətnamələrdə Xocalıdakı soyqırımı kəskin şəkildə pislənilir.

“BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmiş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya soyqırımı cinayətinin hüquqi əsaslarını müəyyənləşdirir. Ermənistanın Azərbaycana təcavüzü zamanı bu Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əlamətlər qeyd edilib. Üstəlik, təcavüzkar ölkənin həyata keçirdiyi terror siyasəti barədə məlumatlar illərdir bütün dünya ictimaiyyətinə təqdim olunur. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməli, ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yol verilməməlidir. Bu gün biz Azərbaycan tarixinin ən şərəfli və qürurverici günlərini yaşayırıq. Düşmənin işğalı altında olan torpaqlarımız müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində azad edildi. 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinin işğalına son verildi, tarixi ədalət qələbə çaldı. Bütün dünya bir daha əmin oldu ki, Qarabağ Azərbaycandır!”,-deyə M.Məmmədov söyləyib.