YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirilib.

Tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Yazgül Abdiyeva, YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıblar. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Qeyd olunub ki, bu faciəyə  Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən hüquqi-siyasi qiymət verilib. Azərbaycan dövlətinin gördüyü işlər və Heydər Əliyev Fondunun, xüsusilə, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir və dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

Çıxış edənlər  bildiriblər ki, Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli-əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi.