YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Ermənilərin minalı sahələrin xəritələrini verməməsi sülh razılaşmasına ziddir

        Milli Məclisin deputatı Əliabbas Salahzadə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin ilkin mərhələsi olan minalardan təmizlənmə prosesinə diqqəti yönəldərək bildirib ki, 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından  bugünədək Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri Azərbaycana təqdim etməməsi ciddi fəsadlar, ən əsası insan tələfatı ilə nəticələnib: “Zəfərimiz 30 ilin nisgilinə, torpaq həsrətinə son qoydu. Soydaşlarımız dogma yurd-yuvalarına qayıtmaq, bu torpaqlarda yeni həyata başlamaq, əkmək-becərmək, ölkəmizin iqtisadi tərəqqisinə, qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərin gerçəkləşməsinə töhfələrini vermək istəyirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev daim çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, illərdir bugünü həsrətlə  gözləyən vətəndaşlarımızın istəkləri tezliklə reallaşacaq.

   Təbii ki, bu əminliyə əsas verən ölkəmizin iqtisadi və maliyyə imkanlarıdır. Bu, bərpa işlərinin bir tərəfidir. Hazırda əsas məsələ işğalçı Ermənistanın minalı ərazilərin xəritələrini Azərbaycana verməməsinin yaratdığı fəsadlardır. Bu hal  Böyük Qayıdış prosesinin uzanmasına təsir göstərməklə yanaşı, mina qurbanlarının da  sayının artmasına  gətirib çıxarır. Ermənistanın atdığı addım  beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq hüquq  prinsiplərinə ziddir. Görünən budur ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də seyrçi mövqedə dayanmaqla kifayətlənirlər.”

     Millət vəkili qeyd edib ki, ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri barbarlıq dünyanın gözü qarşısındadır: “Bədnam qonşularımız eyni barbarlığı bu məsələdə də nümayiş etdirirlər. Onların işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizi dağıtmaları, evləri, meşələri yandırmaları  vəhşilik deyilmi? Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ermənilər  bu əməlləri ilə dünyaya göstərirlər ki, biz bu günə qədər  necə vəhşi ilə üz-üzə olmuşuq. Bu talançılıq, vəhşilik, düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir.

  Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, erməni faşizmini,  vəhşiliyini məhv etdi. Azərbaycan  bölgəni faşist ideologiyasından tam xilas etməsə də, onun böyük hissəsini məhv edib. Ona görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır.”

  Ermənilərin ürəyində düşmənçilik toxumlarının hər zaman olduğunu önə çəkən Ə.Salahzadə bildirib ki, yaxın günlərdə 29-cu ildönümünü qeyd edəcəyimiz Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi yazılıb: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Xocalı soyqırımını  ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı kimi qiymətləndirmişdir. Həmçinin qeyd etmişdir ki, bu faciə bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

   Ümumilikdə müasir dünya ikinci belə vəhşilik görməmişdir. Ermənilər Xocalı hadisəsi zamanı  sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmışdılar. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımı olduğunu təsdiqləyir.”

  Millət vəkili vurğulayıb ki, erməni faşizmi ən qəddar, təhlükəli,  mənfur,  çirkin ideologiyadır: “Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  bu ideologiyanı məhv etdi. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,  illər keçdikcə bu tarixi xidmətlərimiz  dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki,  onları bu bəladan xilas etmək istədik.”

   Ə.Salahzadə fikirlərini belə ümumiləşdirib ki, nəinki bölgəni, ümumilikdə dünyanı erməni faşizmindən xilas edən Azərbaycanın yaratdığı reallıqlar qarşıdakı illərdə  daha möhtəşəm uğurlar vəd edir: “Bu uğurların təməlində düzgün qurulan, möhkəm təmələ əsaslanan siyasət, xalqın Prezidentinə inamı və etimadı dayanır. 44 günlük Vətən  müharibəsinin ən mühüm nəticələrindən biri budur ki, qalib Azərbaycanın qalib Sərkərdəsi İlham Əliyev  yeni prioritetləri müəyyənləşdirərək ölkəsini irəli aparır, xalqının daha yüksək rifahını təmin edir, məğlub Ermənistanın təlxək  baş naziri Nikol Paşinyanın isə istefası tələb edilir, ölkədə fasiləsiz aksiyalara start verilib.  İşğalçı Ermənistan siyasi böhran yaşayır. İllərdir gözü qonşu dövlətlərin torpağında olan, tarixi saxtalaşdırmaqla yalanlarını həqiqət kimi dünyaya sırımağa cəhdlər göstərən, beynəlxalq hüquq anlayışından xəbərsiz olan  Ermənistan hakimiyyəti işğalçılığın, faşizm ideologiyasının son aqibətinin məhvə sürüklənmək olduğundan xəbərsiz deyildi.”

 

DİGƏR Xəbərlər Arxiv