YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Cəmiyyət dövlətin verdiyi qərarlara uyğun şəkildə hərəkət etməlidir

“Dünyada hər bir milyona insana düşən yoluxma-xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə vəziyyətin bizdə nə qədər yaxşı olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epidemioloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemioloji tədbirlər və verilən qərarların bir daha doğru olduğunu göstərir”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov bildirib ki, bugünkü reallıq əlbəttə mərhələli şəkildə karantin rejiminin daha da yumşaldılmasını zəruri edib. Dövlət də bu istiqamətdə addımlarını atır. Ancaq mən bu işi iki bucaqlı və iti bıçağa bənzədirəm. Yəni heç bir tərəfdən əminliklə konkret addım atmaq mümkün deyil. Başqa sözlə, biz hər şey bitmiş kimi davranıb, kəskin hərəkətlər etdiyimiz zaman bıçağın bir ucu əlimizi kəsə bilər. Və yaxud digərinə ciddi yanaşdığımız zaman iqtisadi-sosial, mədəni və psixoloji problemlərə gətirib çıxara bilər. Odur ki, cəmiyyət dövlətin verdiyi qərarlara uyğun şəkildə və birlikdə hərəkət etməlidir.

Millət vəkilinin sözlərinə görə, ən başlıcası dövlət və cəmiyyət arasında olan həmrəyliyi Operativ Qərargah daha çox hiss etdikcə dünyadakı nisbi bilgilər daxilində bir sonrakı atılacaq addımlar və qərarlar daha rahat, güvənli olacaq: “Onu da deyim ki, fevralın 1-dən etibarən başlanan yumşalmadan sonra cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. O mənada ki, bu yumşalmadan insanlarımız faydalanır, hər bir şəxsin özünün azadlığından başqa iş yerlərinin açılması ilə evinə çörək aparmaq imkanı yaranır. Bu insanların haqlarına toxunmamaq üçün biz daha çox diqqətli olmalıyıq. Preventiv tədbirlərə əhəmiyyət verməliyik. Sosial məsafəni qorumaq, maska taxmaq, şübhə varsa, ümumi ictimai yerlərdən kənarda durmaq lazımdır. İnsanlar virusdan qorunmaqda davam etməli, verilən tövsiyələrə əməl etməlidirlər”.