YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Şimali Osetiya-Alaniya arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.
İşgüzar görüşdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, qida, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə əlaqələrin olduğunu, belə tədbirlərin iş adamları arasında əməkdaşlığın genişlənməsində, ölkələrimizin biznes və investisiya potensialının təqdim olunmasında əhəmiyyətini qeyd edib, sahibkarları fəal əməkdaşlığa çağırıb.
Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev iş adamlarının mövcud əlverişli imkanlardan yararlanmaqla əlaqələri daha da genişləndirməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
İşgüzar görüş çərçivəsində Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Ş. Mustafayev və S. Takoyev imzalayıblar.
Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sahələrində Azərbaycan və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər öz əksini tapıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühitinə, Şimali Osetiya-Alaniyanın turizm, sahibkarlıq və investisiya siyasəti nazirinin müavini Aleksandr Kokayev isə təmsil etdiyi federal subyektin investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv