YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi ilə Qarabağda intibah dövrü başlayır

Əli Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılışı ilə bağlı tədbir çərçivəsində tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir.

Dövlət başçısı ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyətini, inkişaf istiqamətlərini və perspektivlərini dəyərləndirmiş , COVİD-19 pandemiyasına qarşı mübarizədə vətəndaşların sağlamlığının ən ümdə məsələ kimi önə çəkildiyini bildirmiş və bu sahədə ölkəmizin beynəlxalq miqyasda oynadığı rola yüksək qiymət vermişdir.

Vətən müharibəsinə dair jurnalistin suallarını cavablandıran  cənab İlham Əliyev “Hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm, bəlkə daha çox”, -söyləyərək  erməni işğalından azad edilən torpaqlarla bağlı təəssüratlarını ictimaiyyətlə bölüşmüşdür.

Erməni vandalizminə və talançılığına göz yuman beynəlxalq təşkilatları bu məsələdə məsuliyyətli olmağa dəvət edən olkə başçısı böyük siyasi əhəmiyyət kəsb edən fikirlər səsləndirmişdir. Uzun illər Ermənistan rəhbərliyinin və onun havadarlarının bu fakları gizlətdiyi barədə dünya ictimaiyyətini bir daha məlumatlandıran Azərbaycan Prezidenti bu mənzərənin bütün vasitələrlə  bütün dünyaya təqdim edilməsinin vacibliyinə diqqət yönəltmişdir.

Müxtəlif tarixi dönəmlərdə baş verən hadisələri təhlil edərkən, həqiqətən də, cənab İlham Əliyevin söylədiyi kimi,  beynəlxalq erməni lobbisinin təsiri altında işğalçılıq siyasətini öz dövlətlərinin prioriteti kimi qəbul etmiş Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı mənfur münasibətini  ilk növbədə  qatı millətçilik mərəzi ilə izah etmək lazımdır.

30 il davam etmiş işğal dövrü ərzində Ermənistan dövlətinin siyasətini yönəldənlər Qarabağda evləri, mədəni abidələri, infrastrukturu, sənaye obyektlərini məhv etməklə azərbaycanlıların bu torpaqları lazımsız, səmərəsiz sayaraq ona biganə yanaşacaqlarına, unudacaqlarına, məcburi köçkünlərin dogma el-obasına  qayıtmaq həvəsini öldürəcəklərinə ümid edirdilər. Lakin Ali Baş Komandan  İlham Əliyevin yenilməz sərkərdəliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün ərzində sübut etdi ki, “…biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib, ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik”.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin siyasi əhəmiyyətini müxtəlif aspektlərdən dəyərləndirən dövlətimizin başçısı demişdir: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.

Bu mənada Azərbaycan Prezidentinin müsahibəsində siyasi diletantların  çirkin ideologiyasının əsirinə çevrilmiş erməni xalqına ünvanlanladığı çağırış da çox ibrətamizdir: “Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks-təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq”.

Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin bütövlükdə region üçün ən vacib prioritet məsələlərdən biri olduğunu vurğulayan cənab İlham Əliyev bu istiqamətdə bütün işlərin ardıcıllıqla icra olunmasına xüsusi diqqət yönəltmişdir. O, Qarabağın yeni intibah dövrünə qədəm qoyması ilə burada çox zəngin, müasir və  mədəni həyatın qurulacağı, xüsusilə də Şuşa şəhərinin tezliklə nəinki Azərbaycanın, bölgənin, hətta dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəyi ilə bağlı siyasi iradəsini ifadə etmişdir: “Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.