YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı

Musa Urud, millət vəkili

Bu səfər başqa səfərlərə bənzəməz. Bu səfər ayrı bir səfərdir. Qalib ordunun müzəffər sərkərdəsi özünün təməlini qoyduğu "Qələbə yolu" ilə təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığı olan Şuşaya getdi.
Bu səfərdə bir təntənə var. 
Bu səfərdə bir qalibiyyət özgüvənliyi var. 
Bu səfərdə bir sevgi var, sevinc var, yaratmaq, qurmaq, gözəlləşdirmək istəyi var.
Bu səfərdə cənab  prezident İlham Əliyev Fizuli beynəlxalq aeroportunun təməlini qoyur. Bu həm də dünyaya bir çağırışdır: Qarabağ- Azərbaycandır! 
Onun yeri də göyü də bizimkidir, bizə məxsusdur. 
Otuz ilə yaxın bir müddətdə Qarabağı işğal altında saxlayan ermənilər oraya uçuşlar edə bilmədilər, dəfələrlə cəhd etsələr də, hətta İrəvandan belə təyyarə ilə Qarabağa  gələ bilmədilər. 
İndi bu torpaqlara əsil sahibləri qayıdıb, hava limanı tikirik, asvalt yollar salırıq,  dəmir yolu çəkirik.
Böyük qayıdış başlayır!
Biz bu yerləri cənnətə çevirəcəyik. Gəlin, görün, gəzin! Baxın, ölkəmiz necə də gözəldir! 
Bu səfər tarixi əhəmiyyəti olan bir səfərdir, bu tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsinin səfəri idi. 
Təbiətin də üzü gülürdü, adətən bu vaxtlarda qarlı- boranlı, başı dumanlı Şuşada yaz günəşi gülümsəyirdi, sanki təbiət də sevinir, öz xilaskarını salamlayırdı.
Pənahəli xan Cavanşir tərəfindən 1751- ci ildə Qarabağ xanlığının paytaxtı kimi binası qoyulan Şuşa qalası bir neçə dəfə əldən - ələ keçib. 1797- ci ildə Ağa Məhəmməd şah Qacar, 1806 - cı ildə çar qoşunlarının başında gələn general Zubov, mayor Lisaneviç Şuşa  şəhərini ələ keçirsə də, 1906 və 1918 - ci illərdə ermənilər Qalada ixtişaşlar və yanğınlar törətsə də, bu qəhrəman şəhərin əzmini qıra bilməmişdilər. 
Bütün qəhrəmanlar kimi Şuşa da 1992 - ci ildə satqınlığın və xəyanətin qurbanı oldu.
Şuşanın işğalı ərəfəsindəki hadisələr qara-qorxulu yuxu kimi bir daha gözümün önündən keçir: Bakıda at izi it izinə qarışıb, cəbhəçilər öz hakimiyyətlərini möhkəmlətmək üçün seçkilərə hazırlaşırlar, mitinqlər keçirirlər, şüarlar qışqırırlar, mütəllibovçular Ali Sovetin binası qarşısında çadır quraraq bozbaş qonaqlığı verir, revanşist niyyətlərini günbəgün artırırılar, Qarabağda düşmən qarşısında dayanmalı olan tanklar və BTR- lər şəhərin küçələrində asfaltı şumlayırlar. Satqın və xain müdafiə naziri isə  Şuşa getsə, başına bir güllə vurub intihar edəcəyi ilə xalqı hədələyir. Və Şuşa işgal olunandan iki gün sonra dövlətin başında duran "böyük oyunların kiçik peşkası" hüzünlü səslə televiziya ilə  qala şəhərimizin xəyanətin qurbanı olduğunu bəyan edir.
Cənab Prezidentin Şuşada məhz bu xəyanəti bir daha xatırlatması həm də anti milli ünsürlərə öz yerini göstərmək dərsi idi...
...Və tarixdə ilk dəfə idi ki, Şuşanın əsil sahibi bu gözəl şəhərə zəfərlə, özünün açdığı yolla "Qələbə yolu" ilə qayıtdı! 
Bu səfər həm də rəmzi mənaları ilə fərqli bir səfər idi. Azərbaycan Prezidenti İlham Əliyev Moskvadakı 3 tərəfli görüşdən sonra Şuşaya getdi! Bəs Paşinyan hara getdi? Cəhənnəmə, gora getdi! Özgənin torpağında özgənin havasına oynayanların aqibəti həmişə belə olacaqdır!
Bu səfərin rəmzlərinin biri də Şuşanın üç dahi övladının  güllələnmiş heykəllərinin 28 ildən sonra öz yerlərinə qaytarılması idi. Bu həm də Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin Şuşaya qayıtması idi. Eyni zamada bu həm də nəcib niyyətin vandal vəhşiliyinin üzərində qələbəsinin rəmzi idi. Uzun illər və əsrlər bu heykəllər Şuşanın baş meydanını bəzəyəcək, dünyanın hər yerindən gələn insanlara erməni vəhşiliyini bir daha xatırladacaqdır.
Qarabağ xanının vəziri böyük Azərbaycan şairi Vaqifin dağıdılmış məqbərəsi önündə cənab Prezidentin söylədiyi, " biz bu il Şuşada Vaqif poeziya günlərini və "Xarı bülbül" festivalını keçirəcəyik" fikirləri də xoş məramlı böyük əməl olmaqla yanaşı, həm də tarixi bir missiyanın müjdəçisi idi.
Şuşada 17 məhəllə, hər məhəllənin də öz  məscidi var idi. Erməni vandalları 16 məscidimizi, qəbir yerlərimizi dağıdıblar, yalnız Yuxarı Gövhər ağa məscidini fars məscidi kimi bərpa ediblər ki, bu da dağıtmaqdan betərdir, iz azdırmaqdır, düşmənçiliyin ifrat ifadəsidir. 
Cənab Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva Şuşanın məscidlərini ziyarət etdilər, Allahın evinə Allahın kitabını- Məkkədən gətirilmiş Qurani- Şərifi bağışladılar, dualar etdilər. 
Mən əminəm ki, bu dualar müstəcəb olacaq. Çünki böyük Allah özünün xöş niyyətli və xeyirxah əməlli bəndələrinin sidq- ürəkdən etdiyi duaları heç zaman cavabsız qoymayıb.
... Bu səfər rəmzlərlə dolu bir səfər idi. Cənab Prezidenti bir daha dinləyək:
- "Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!"
1982-ci ildə gənc yaşlarında məhz yanvarın14- də atası- Ulu Öndər Heydər Əliyevlə ilk dəfə Şuşaya gələn İlham Əliyev düz 39 il sonra bu müqəddəs şəhərə qalib ordunun müzəffər sərkərdəsi kimi, doğma xalqının qüdrətli Lideri kimi qayıdır. Amma missiya həminkidir: qurmaq, yaratmaq, gözəlləşdirmək, öz böyük xalqının zəngin mədəniyyətinə xidmət etmək,  Şuşanın yaralarını sarımaq, məlhəm olmaq.  
Sən heç darıxma, əziz Şuşa, qaliblərin yarası tez sağalır! 
Cənab Prezidentin Cıdır düzündə söylədiyi fikirlər isə dünyanın siyasət tarixində bəlkə də  ən səmimi sözlər idi. Sanki cənab Prezident kamera qarşısında danışmırdı, öz hisslərini, ali insani duyğularını Cıdır düzü ilə bölüşürdü, Şuşanın torpağı, havası, otu, suyu ilə danışırdı:
- "Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"
Bəli, biz xoşbəxt xalqıq! Biz xoşbəxt xalqıq ki, Şuşa bizimdir, biz xoşbəxt xalqıq ki, Qarabağ Azərbaycandır, biz xoşbəxt xalqıq ki, İlham Əliyev kimi qətiyyətli, hünərli, cəsarətli, müdrik və səmimi bir Liderimiz var!
Şuşa da xoşbəxtdir. Cənab Prezidentin çıxışını dönə- dönə izləyirəm və düşünürəm. Yəqin ki, bu çıxışı Şuşa da diqqətlə dinləyir və sevinir. Sevinir ki, gözəl günləri yenidən qayıdır.
...Şuşa ucalıqda olan şəhərdir. Şuşanın boyunun hündürlüyü 1368 metrdir.
... Cənab Ali Baş Komandan İlham Əliyevin səfərindən sonra Şuşanın qədd-qaməti daha da dikəldi, ucalığı daha da artdı.
...Qaliblərin boyu uca olur!!!